Bakı. Trend:
Çin ilə ABŞ arasında ticarət mübahisələrinə dair yüksək səviyyəli danışıqların növbəti raundu iyunun 9-da Londonda başlayacaq.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, danışıqlarda Çin nümayəndə heyətinə Baş nazirin müavini Hı Lifen rəhbərlik edəcək.
Məlumata görə, ABŞ nümayəndə heyətinə maliyyə naziri Skot Besent, ticarət katibi Hovard Lutnik və ticarət nümayəndəsi Ceymison Qrir daxildir.
Qeyd edək ki, Donald Tramp administrasiyası böyük ticarət kəsirini azaltmaq və itirilmiş istehsalı canlandırmaq ümidi ilə milyardlarla dollar dəyərində idxal mallarına yüksək tariflər tətbiq etməklə Birləşmiş Ştatların əzəli iqtisadi rəqibi Çinlə ticarət əlaqələrini yenidən müzakirə etməyə çalışıb. ABŞ-ın Çin mallarına idxal rüsumlarını 145 faizə yüksəltməsi birja, istiqraz və valyuta bazarlarında çalxalanma ilə nəticələnib. Çin bu addıma öz tarifləri ilə (125 faiz) cavab verib və Trampı geri çəkilməyə inandırmaq üçün əsas təchizat zəncirlərindəki üstünlüyündən istifadə edir.
Ötən il Çinin ABŞ-yə ixracı 462 milyard, ABŞ-dan idxalı isə 143 milyard dollar olub. ABŞ Çinin ümumi ixracının 14,7 faizini, idxalının isə 6,3 faizini təmin edir. ABŞ Çinin ölkə səviyyəsində ən iri ixrac bazarı, 2-ci ən böyük idxal mənbəyidir.