...

Azərbaycan multimodal marşrutların kəsişdiyi əsas mərkəzə çevrilib - Azər Qarayev

Siyasət Materials 27 Noyabr 2025 09:25 (UTC +04:00)
Azərbaycan multimodal marşrutların kəsişdiyi əsas mərkəzə çevrilib - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Müstəqil Dövlətlər Birliyinin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının Bakıda keçirilməsi Azərbaycanın qlobal nəqliyyat arxitekturasında artan rolunu bir daha təsdiqləyən hadisə oldu. Son illərdə Bakı Şərq–Qərb, Şimal–Cənub və Xəzər hövzəsində formalaşan yeni multimodal marşrutların kəsişdiyi əsas mərkəzə çevrilib.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Azərbaycan təkcə beynəlxalq nəqliyyat təşəbbüslərində iştirak etmir, eyni zamanda onların məzmununu formalaşdırır. Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə yük dövriyyəsinin 2028-ci ilin 1 yanvarınadək 5 milyon tona çatdırılması, daha sonra isə 15 milyon tona yüksəldilməsi planlaşdırılır. Bu rəqəmlər sadəcə bəyanat deyil - uzunmüddətli planlaşdırmanın və ardıcıl infrastruktur siyasətinin nəticəsidir. Azərbaycanla Rusiya arasında ötən il imzalanmış tranzit daşımalarının inkişafına dair sənəd Şimal-Cənub dəhlizinin real rəqabətqabiliyyətli nəqliyyat xəttinə çevrilməsi üçün hüquqi və texniki baza yaradıb. Bu marşrut üzrə dəmir yolu infrastrukturunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, tarif mexanizmlərinin razılaşdırılması və logistika proseslərinin rəqəmsallaşdırılması Azərbaycanın regiondakı rolunu daha da möhkəmləndirir", - o bildirib.

Onun sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolu xətti layihəsi bu kontekstdə xüsusi vurğulanmalıdır.

"Bu xəttin illik buraxılış gücü 15 milyon ton nəzərdə tutulur və 2026-cı ilədək Ermənistan sərhədinədək tamamlanması planlaşdırılır. Bu layihə təkcə infrastrukturun bərpası deyil - həm də Şərqi Zəngəzurun ölkənin ümummilli nəqliyyat sisteminə tam inteqrasiyası, Azərbaycanın isə regiondakı nəqliyyat-kommunikasiya konfiqurasiyasında həlledici rolunu daha da möhkəmləndirməsinin göstəricisidir. İclasda MDB məkanının nəqliyyat potensialına xüsusi diqqət çəkildi. Şura üzvü olan ölkələrin dəmir yolları üzrə toplam yük dövriyyəsi ötən il 3 trilyon ton-kilometrə çatıb ki, bu da ABŞ-nin birinci sinif dəmir yollarından 30%, Avropa İttifaqından isə səkkiz dəfə çoxdur. Bu rəqəmlər təkcə regiondakı inteqrasiya dərinliyini deyil, həm də Avrasiya dəmir yolu sisteminin qlobal logistika məkanında artan çəkisini göstərir. Bu sistemdə isə Azərbaycan ən vacib keçid nöqtələrindən biridir", - o bildirib.

A.Qarayev bildirib ki, Bakı-Tbilisi-Qars, Orta Dəhliz və Şimal-Cənub layihələri ölkənin qlobal nəqliyyat xəritəsindəki mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.

"İclasın ən mühüm nəticələrindən biri Azərbaycan, Rusiya və İranın dəmir yolu qurumları arasında imzalanan üçtərəfli Anlaşma Memorandumu oldu. Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, blok-qatarların müntəzəm işə salınmasını və daşımaların prosedurlarının təkmilləşdirilməsini nəzərdə tutur. Bu addımlar Şimal-Cənub marşrutunu daha sürətli, daha şəffaf və iqtisadi cəhətdən əlverişli logistika zəncirinə çevirmək üçün böyük potensial yaradır. Vahid tarif siyasəti, xüsusən də İran-Azərbaycan-Rusiya xətti üzrə, regionun inteqrasiyasını dərinləşdirir və Azərbaycan üçün strateji imkanlar açır. Rusiya cənub istiqamətlərini genişləndirməkdə maraqlıdır, İran isə Avrasiya nəqliyyat şəbəkələrinə daha fəal şəkildə qoşulur. Bu şəraitdə bütün yolların Azərbaycan üzərindən keçməsi ölkəmizə həm iqtisadi üstünlüklər, həm də geosiyasi təsir imkanı qazandırır", - o bildirib.

Politoloq vurğulayıb ki, logistika proseslərinin şəffaflığı və sinxronizasiyası da çox vacibdir.

"Müasir dünyada dəhlizlər təkcə məsafə və xərc üzrə deyil, həm də xidmətin sürəti, rəqəmsal inteqrasiya səviyyəsi və sabitlik üzrə rəqabət aparır. Azərbaycan isə uzun müddətdir ki, sərhədkeçmə nöqtələrinin rəqəmsallaşdırılması, yüklərin izlənməsi, prosedurların avtomatlaşdırılması kimi həlləri tətbiq edən regionun qabaqcıl ölkələrindən biridir. Beləliklə, Bakıda keçirilən iclas bir daha göstərdi ki, Azərbaycan Avrasiyanın nəqliyyat transformasiyasının mərkəzində dayanır. Bakı-Tbilisi-Qars xətti, Orta Dəhlizin genişləndirilməsi, Şərq-Qərb infrastrukturunun modernləşdirilməsi və Şimal-Cənub dəhlizi üzrə görülən genişmiqyaslı işlər ölkəmizi Avropa, Orta Asiya, Rusiya, İran və Türkiyəni birləşdirən strateji körpü rolunu gücləndirir. İmzalanmış sənədlər və səslənən bəyanatlar göstərir ki, Azərbaycan qlobal logistika dəyişikliyini izləyən deyil - onu formalaşdıran ölkədir. Bu gün regionda dəhlizlər arasında rəqabət güclənir, lakin Azərbaycan coğrafi mövqeyini, siyasi sabitliyini və məqsədyönlü nəqliyyat strategiyasını istifadə edərək özünü Avrasiyanın əsas nəqliyyat düyünü kimi təsdiqləyir. Bakıda baş tutan 83-cü iclas isə bu prosesin növbəti mühüm mərhələsi oldu", - A.Qarayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti