...

TİF, Kapital Bank və Visa Azərbaycan nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub (FOTO)

Siyasət Materials 7 Fevral 2026 18:09 (UTC +04:00)
TİF, Kapital Bank və Visa Azərbaycan nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

05 fevral 2026-cı il tarixində Təhsilin İnkişafı Fondu (TİF), Kapital Bank və Visa Azərbaycan nümayəndə heyəti Milli Aviasiya Akademiyasında (MAA) görüş keçirib.

Trend xəbər verir ki, görüş çərçivəsində Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və Kapital Bank arasında əməkdaşlıq memorandumları imzalanıb.

İmzalanmış memorandumlara əsasən tərəflər elmin müvafiq sahələrinin inkişafı məqsədilə birgə fəaliyyətlərin həyata keçirilməsi, elmi işlərin hazırlanması zamanı qarşılıqlı rəy mübadiləsi, birgə tədris planlarının hazırlanması, müxtəlif mövzularda təlimlərin və elmi konfransların təşkili, həmçinin tələbələrin könüllülük və təcrübə proqramlarına cəlb olunması istiqamətində əməkdaşlıq edəcəklər.Tədbiri giriş sözü ilə açan Milli Aviasiya Akademiyasının birinci prorektoru Ədalət Səmədov qonaqlara MAA-nın fəaliyyəti, strukturu və inkişaf mərhələləri barədə ətraflı məlumat verib.

O, Akademiyada təhsil alan tələbələrin müasir bilik və bacarıqlara yiyələnməsi istiqamətində görülən işlərdən, tətbiq olunan innovativ texnologiyalardan, eləcə də yeni quraşdırılmış, uçuşları tam imitasiya edən simulyatorlar və həyata keçirilən infrastruktur layihələrindən bəhs edib. Daha sonra çıxış edən Milli Aviasiya Akademiyasının sosial və iqtisadi məsələlər üzrə prorektoru Gülnarə Əhmədova MAA-nın rektoru, akademik Arif Paşayevin Azərbaycan elminin, xüsusilə mülki aviasiya sahəsinin inkişafındakı mühüm xidmətlərindən danışıb.

O bildirib ki, “Tələbə Plus” layihəsi Akademiya üçün xüsusi əhəmiyyət daşıyır. “Bu layihə vasitəsilə bir sıra proseslər optimallaşdırılır və əvvəllər ayrı-ayrılıqda icra olunan işlər mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Sözügedən kart həm MAA-nın giriş-çıxış sistemini təmin edir, həm də tələbə kartı funksiyasını yerinə yetirir”.

Bir ekosisteminin və Kapital Bank-ın Baş İcraçı direktoru Fərid Hüseynov isə Akademiya ilə əməkdaşlığın bankın gələcəyə baxışını daha da gücləndirdiyi vurğulayıb. “Bu gün imzaladığımız memorandum əməkdaşlığımızı yeni mərhələyə daşıyır. Biz istəyirik ki, tələbələriniz sabahın mütəxəssisləri kimi yetişərkən bizim ekosistemin imkanlarından, təcrübə proqramlarımızdan və real layihələrimizdən maksimum faydalansınlar”.

Gənclərin maliyyə savadlılığının artırılmasına yönələn layihə barədə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, “Tələbə Plus” layihəsinin əsas məqsədi tələbələri dəstəkləmək, onların sosial rifahını yaxşılaşdırmaq və təhsillərinə daha çox vaxt ayırmaları üçün əlverişli şərait yaratmaqdır. Onun sözlərinə görə, Milli Aviasiya Akademiyasının layihəyə qoşulması ilə bu təşəbbüsə daxil olan ali təhsil müəssisələrinin sayı 27-yə, layihədən faydalanan tələbələrin sayı isə 200 mindən çox olub.

İmzalanma mərasimindən sonra qonaqlar Milli Aviasiya Akademiyasının infrastrukturu ilə tanış olub, Texnoritm mərkəzində həyata keçirilən elmi layihələrə baxış keçiriblər. Burada hazırlanan pilotsuz uçuş aparatları, müxtəlif təyyarə modelləri və aparılan elmi-tədqiqat işləri barədə ətraflı məlumat verilib. Onlar yeni yaradılan laboratoriya kompleksləri və Təlim Mərkəzində yerləşən simulyatorlarla da tanışlıq olublar.

Xəbər lenti

Xəbər lenti