Bakı. Trend:
TRIPP çox etibarlı və təhlükəsiz nəqliyyat dəhlizi olacaq.
Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ABŞ-nin Vitse-Prezidenti Cey. Di. Vens ilə mətbuata birgə bəyanatında səsləndirib.
"Biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq. Biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur", - deyə Prezident İlham Əliyev bildirib.
