Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens bu günlərdə ölkəmizdə rəsmi səfərdə olub. Tarixi əhəmiyyət daşıyan bu səfər Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafında yeni mərhələ açıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
Spiker vurğulayıb ki, səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası birgə əməkdaşlığın uzunmüddətli prioritetlərini müəyyən edir, energetika, iqtisadiyyat, investisiya qoyuluşu, kosmik sənaye, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın dərinləşməsinin möhkəm təməlini yaradır. Sülh, sabitlik və dayanıqlı inkişaf sahəsində ümumi maraqlara əsaslanan Xartiya tərəflərin suverenliyə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına və milli maraqlara hörmət əsasında iş birliyini genişləndirmək niyyətini əks etdirir.
S.Qafarovanın sözlərinə görə, dünyanın ən qüdrətli dövləti ilə ölkəmizin əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi bir çox cəhətdən Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl siyasəti sayəsində mümkün olub:
“Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, regional enerji-nəqliyyat layihələrinin əsas iştirakçısı, müstəqil xarici siyasət yeridən bir dövlət kimi böyük nüfuz qazanıb”.
Sədr bildirib ki, bu gün bölgəmizin dərin dəyişikliklərə məruz qaldığı bir şəraitdə Azərbaycan konstruktivlik və məsuliyyətli tərəfdaşlıq prinsiplərinə əsaslanır:
“Biz Ermənistanla Azərbaycan arasında sülh yaradılmasına xüsusən Prezident Donald Trampın verdiyi töhfəni yüksək qiymətləndiririk. ABŞ-nin dəstəyi Cənubi Qafqazda möhkəm və ədalətli sülhün bərqərar edilməsində müstəsna rol oynayır, iqtisadi inteqrasiya və əməkdaşlıq üçün yeni imkanlar açır”.
Parlamentin spikeri əlavə edib ki, vitse-prezident Vensin səfəri Azərbaycanın və ABŞ-nin Cənubi Qafqaz regionunun gələcək inkişafı ilə baxışları bir-birinə yaxın olduğunu göstərib.
“Bizim əməkdaşlığımız təkcə iki ölkənin deyil, həm də Xəzər dənizindən Avropaya qədər geniş bir bölgənin maraqlarına xidmət edir.
Səfər çərçivəsində əldə edilmiş razılaşmalar Amerika–Azərbaycan münasibətlərinin ardıcıl və dinamik inkişafını təmin edəcək, dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə şərait yaradacaq”, - deyə o fikrini tamamlayıb.
