...

Prezident İlham Əliyev dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə xalqı təbrik edib

Siyasət Materials 29 Dekabr 2005 17:34 (UTC +04:00)

Trend bildirir ki, prezident İlham Əliyev dekabrın 29-da dünya azərbaycanlılarının həmrəylik Günü münasibətilə xalqı təbrik edib.

Təbrikdə, xüsusilə qeyd olunur ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu bayramın başlıca qayəsini dövlətçilik, xalqın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, vətənə bağlılıq hissləri və ideyaları təşkil edir.

Son illərdə azərbaycanlıların həmrəyliyinin möhkəmləndirilməsi, məzmunca zənginləşdirilməsi üçün xeyli iş görüldüyü vurğulanır. Bununla bağlı dünya azərbaycanlılarının 2001-ci ilin noyabrında Heydər Əliyevin təşəbbüsü ilə keçirilən birinci Qurultayı mühüm rol oynayıb. "Bu tədbir dünya azərbaycanlılarının öz milli dövləti - Azərbaycan Respublikası ətrafında sıx birləşməsi prosesinə güclü təkan verdi"-deyə təbrikdə qeyd olunur.

Təbrikdə qeyd olunur ki, bu gün xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçirilməsində, soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsində yeni mərhələnin yaşandığını deyə bilərik. Bu, Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclənməsi, respublikanın regionda lider dövlətə çevrilməsi, ölkənin beynəlxalq nüfuzunun artması, Azərbaycanın qarşısında yeni vəzifələr qoyulması ilə bağlıdır.

Bugünkü gündə Azərbaycan dövləti öz qarşısına soydaşlarımızın beynəlxalq konvensiyalarda təsbit olunmuş insan və vətəndaş hüquqlarının müdafiəsi, yaşadıqları ölkədə mütəşəkkil qüvvəyə çevrilməsi kimi vəzifələr qoyur. "Azərbaycan Respublikası hazırda öz tarixinin çox mühüm və məsul dövrünü yaşayır, beynəlxalq birliyə qəti şəkildə inteqrasiya olunur. 2005-ci ilin noyabrında keçirilmiş parlament seçkiləri respublikanın demokratikləşdirilməsində, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində mühüm mərhələ olub" -deyə prezident öz qənaətini bildirir.

Təbrikdə qeyd olunur ki, 2005-ci ildə Azərbaycan iqtisadiyyatı ən yüksək inkişaf tempinə malik olmuş, onun həcmi 26% artmışdı. Bu göstəriciyə görə, respublika dünyada birinci yeri tutub. Respublikada aparılan hüquqi, iqtisadi və struktur islahatları səlahiyyətlə davam etdiriləcəkdir. 2005-ci ildə Ermənistan-Azərbaycan-Dağlıq-Qarabağ münaqişəsinin ədalətli nizama salınması üzrə səylər gücləndirilib. Azərbaycanın daxili və xarici siyasətinin möhkəmləndirilməsi ictimai-siyasi sabitliyə əsaslanır. Azərbaycanın sürətlə artan potensialı bütün problemlərimizin həllində, o cümlədən dünya azərbaycanlıları ilə bağlı vəzifələrin həyata keçirilməsində güclü amil olacaqdır.

Xəbər lenti

Xəbər lenti