...

Qərb bölgəsində sayğaclaşma prosesi davam edir

Siyasət Materials 14 Fevral 2006 16:52 (UTC +04:00)

Hazırda keçmiş Bayva Qərb Enerji Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliklər həyata keçirilməkdədir. Sərəncama görə, müəssisə Azərenerjinin balansına keçir.

Bu işlərlə bağlı təhvil-təslim işləri aparılır. Ümumilikdə isə indiyədək qurum tərəfindən Gəncə şəhərində 47023, Qazax rayonunda 4546, Samux rayonunda 4870, Şəmkir rayonunda 11990, Mingəçevirdə - 20754, Xanlar rayonunda 4875 yeni sayğac quraşdırılıb. Ötən ilin son ayında Gəncə şəhərində 40 262 800 kv saat enerjiyə qarşı ödəniş cəmi 18,2%, Xanlar rayonu üzrə 9 338 500 kv saata qarşı ödəniş 19,4%, Şəmkir rayonu üzrə 41 517 600 kv saata qarşı ödəniş 17,6%, Samux rayonu üzrə 7 119 000 kv saata qarşı ödəniş 17,6 % olub. Bu göstərici yanvar ayında da eyni ilə qalmaqdadır.

Bu məlumatı Trend in qərb bürosuna verən Gəncə elektrik şəbəkəsinin direktoru Mürsəl Eyvazovun sözlərinə görə, Gəncədə elektrik enerjisinin fasiləsiz verilməsi ilə bağlı heç bir problem yoxdur. Şəhər tam məhdudiyyətsiz enerji alır. Qış aylarında bəzən transformatorların çox yüklənməsi ilə əlaqədar bəzi nasazlıqlar olur, lakin həmin saat da aradan qaldırılır. Bununla əlaqədar bəzən yerlərdə qısa fasilələr yarana bilər. Amma ümumilikdə şəhərdə məhdudiyyət yoxdur. GEŞ-in direktoru artıq şəhərin 76% əhalisində sayğacların olduğunu bildirib. Gəncədə 63 922 abunəçinin 48680-də sayğacın olduğunu deyən Mürsəl Eyvazov dekabr ayı ərzində 18,2% əhalidən enerji haqqının yığıldığını söyləyib.

Faizin belə aşağı olmasını isə direktor sayğac quraşdırılmayan ərazilərdə oğurluq hallarının çox olması ilə izah edib. O bildirib ki, abunəçilər hətta evlərin içərisində qoyulan sayğaclarda da oğurluq edirlər. Odur ki, həmin ünvanlardan sayğaclar çölə demontaj olunur.

Xəbər lenti

Xəbər lenti