...

Azərbaycanın daxili işlər nazirliyi və Baş prokurorluğu bir sıra uğurlu əməliyyat- axtarış tədbirləri həyata keçirib

Siyasət Materials 16 Fevral 2006 20:52 (UTC +04:00)

Azərbaycanın daxili işlər nazirliyi və Baş prokurorluğu tərəfindən son vaxtlar baş vermiş ağır və xüsusilə ağır, eləcə də ictimai rezonans doğuran cinayətlərin açılması və təqsirkar şəxslərin həbs olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Trend in məlumatına görə, Azərbaycan DİN və Baş prokurorluğunun birgə məlumatında 2006-cı ilin fevralın 12-də Kürdəmir rayon Karrar kənd sakini, 1996-cı il təvəllüdlü Bəhruz Bağırzadənin oğurlanması cinayətinin açıldığı bildirilir. DİN və prokurorluq orqanları əməkdaşlarının birgə əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində tamah məqsədilə 10 yaşlı uşağı oğurlayıb qətlə yetirən Səbuhi Dəmirov, İsmayıl Quliyev və Elsevər Məmmədov müəyyən edilərək həbs olunub.

2005-ci ilin 8 dekabrında Ağcabədi rayonunun Kəbirli kəndində yaşayan 14 yaşlı qız bir qrup naməlum şəxs tərəfindən oğurlanıb. DİN-in Baş Cinayət Axtarış İdarəsi, Nəsimi rayon polis İdarəsi və Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətmiş Nurəddin Abdulov, Saməddin Nağıyev və Şamil Abdulov müəyyən edilərək tutulub.

Həmçinin son vaxtlar paytaxtda mənzil oğurluğu və qarətlə məşğul olan bir neçə cinayətkar qrup da zərərsizləşdirilib.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş Cinayət Axtarış İdarələri və Sabunçu rayon rolis İdarəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevralın 9-da əvvəllər dəfələrlə məhkum olunmuş Gürcüstan vətəndaşları David Marikaşvili, David Berikişvili və David Xvadaqiani yaxalanıb. Onlardan 347 min avro, 685 ABŞ dolları, xeyli sayda qızıl-zinət əşyaları, habelə 10 qrama yaxın heroin aşkar olunub.

Araşdırmalar göstərib ki, götürülmüş maddi sübutlar bu şəxslər tərəfindən Bakı şəhər sakini Seyfəddin Məmmədovun evindən oğurlanıb. Cinayətin digər iştirakçılarının tutulması məqsədilə keçirilmiş xüsusi əməliyyat nəticəsində Səbayel rayonu ərazisindəki mənzillərdən birində müvəqqəti məskunlaşmış Dito Sadjaia, Qulbat Qotuşadze və Qoça Eradze də yaxalanıb. Onlardan 9 qrama yaxın heroin götürülüb.

Xəbər lenti

Xəbər lenti