...

Azərbaycanın regionlarında müasir tipli cəzaçəkmə müəssisələrinin tikintisinə başlanılıb

Siyasət Materials 21 Fevral 2006 18:16 (UTC +04:00)

Fevralın 21-də Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində keçirilən iclasda çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov söyləyib ki, Azərbaycanın regionlarında müasir tipli cəzaçəkmə müəssisələrinin tikintisinə başlanılıb. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

V.Zahirov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı, hərtərəfli islahatlar aparılıb. Ölkəmizin yeni tərəqqi dövrü yaşadığı bir vaxtda ədliyyə orqanlarının, o cümlədən penitensiar xidmətin də qarşısında mühüm vəzifələr dayanıb.

Baş İdarənin rəis əvəzi Nazim Ələkbərov isə çıxışında söyləyib ki, penitensiar sistemin təkmilləşdirilməsi, bu sahədə mövcud olan nöqsanların və qanun pozuntularının aradan qaldırılması üzrə 2005-ci ildə kompleks tədbirlər həyata keçirilib. Dövlət başçısının sərəncamı ilə Baş İdarənin rəhbərliyində aparılmış kadr dəyişikliyindən sonra Nazirliyin Kollegiyasının və Baş İdarənin Şurasının geniş iclasları keçirilib. Qanun pozuntularının və onlara şərait yaradan səbəblərin aradan qaldırılması, nizam-intizamın gücləndirilməsi üzrə tədbirlər müəyyən edilib.

Bundan əlavə, penitensiar müəssisələrin işinə nəzarət gücləndirilib, qanun pozuntuları və ciddi nöqsanlara görə bir sıra işçilər, o cümlədən 50-dən çox vəzifəli şəxs tutduqları vəzifələrdən azad edilib. Kadr işi sağlam meyarlar əsasında yenidən qurularaq penitensiar sistemdə və tibb xidmətində vakant vəzifələrə açıq müsabiqə elan olunub. Yüksək peşə hazırlığına və mənəvi keyfiyyətlərə malik olan mütəxəssislər işə qəbul ediliblər.

Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində məhkumların saxlanma şəraiti, qidalandırılması və digər təminatları köklü surətdə yaxşılaşdırılmış, nizam-intizam gücləndirilmiş, qadağan olunmuş əşyaların keçirilməsi, ayrı-ayrı məhkumlara imtiyazlı şərait yaradılması və digər sui-istifadə hallarının qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti