...

İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü Ermənistanla danışıqların mövzusu deyil

Siyasət Materials 9 Mart 2006 18:18 (UTC +04:00)

Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə sülh danışıqlarının mövzusu deyil. Trend "Azərtac"a istinadən bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev Tokioda Yaponiya beynəlxalq münasibətlər İnstitutunda çıxış edərkən bu barədə bəyan edib. Onun sözlərinə görə, danışıqların mövzusu işğal edilmiş ərazilərin azad olunması, etnik təmizləmə və təcavüz qurbanlarının qaytarılması, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusunun verilməsidir.

"Bütün bunlar beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olmalıdır. Biz münaqişənin sülh yolu ilə həllinə ümid edirik. Beynəlxalq ictimaiyyət bütövlükdə regionun inkişafına böyük maneə olan münaqişənin həllində fəal rol oynamalıdır"-deyə prezident qeyd edib.

Neft-qaz sahəsinin inkişafına toxunan İ.Əliyev bəyan edib ki, Azərbaycan son vaxtlar qaz böhranına məruz qalan və alternativ mənbələr axtaran Avropa üçün enerji mənbəyi rolunu oynaya bilər. Azərbaycan qazı və neftinin dünya bazarlarına çıxarılması üçün boru kəmərləri çəkilir"- deyə İ.Əliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti