...

Tağı Əhmədov: Bakı metropolitenində gediş haqqı bahalaşmayacaq

Siyasət Materials 24 Mart 2006 14:26 (UTC +04:00)
Tağı Əhmədov: Bakı metropolitenində gediş haqqı bahalaşmayacaq

Bakı metropolitenində bütün xərcləri nəzərə alaraq gediş haqqının artırılması məqsədəuyğun olsa da, bu, baş verməyəcək. Trend in xəbər verdiyi kimi, bu barədə martın 24-də keçirilmiş mətbuat konfransında Bakı metropoliteninin rəhbəri Tağı Əhmədov məlumat verib.

Onun sözlərinə görə, qiymətlərin dəyişdirilməsi ilə bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq, Tarif Şurası bu gün metroda gediş haqqının artırılmasını münasib hesab etmir.

1996-cı ilin iyunundan metro qiymətləri dəyişməz - 250 (köhnə) manat ($0,05) olaraq qalır. 2006-cı ildə hökumətin ayırdığı dotasiyalar isə hətta ehtiyat hissələrinin alınması üçün xərclərin cüzi hissəsini belə ödəmir.

Metropolitenin 4500 nəfər işçisinin əmək haqlarının artırılmasına gəlincə, T.Əhmədov qeyd edib ki, ağır əmək şəraitini nəzərə alsaq, hazırda əmək haqlarının səviyyəsi çox aşağıdır.

"Bu gün hər işçinin orta əmək haqqı mükafatlar və müxtəlif güzəştlər də daxil olmaqla 700 min manatdan (köhnə) bir qədər çoxdur", - deyə o bildirib.

T.Əhmədov hesab edir ki, metroda gediş haqqının bahalaşması metropoliten işçilərinin əmək haqlarının artırılmasına səbəb ola bilər.

"Hazırda gediş haqqı 1550 manat, əlavə xərclər nəzərə alındıqda isə 2750 manat olmalı idi", - deyə o, sonda bildirib.

Xəbər lenti

Xəbər lenti