...

Səməd Seyidov: "Latviyalı deputat Boris Sileviçin hazırladığı məruzəni dəyişdirə bilərik"

Siyasət Materials 30 Mart 2006 14:53 (UTC +04:00)

Latviyalı deputat Boris Sileviçin hazırladığı məruzədə Azərbaycanı qane etməyən bəndlər mövcud olarsa, onu dəyişdirmək iqtidarındayıq. Trend xəbər verir ki, bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyinə salınan və latviyalı deputat Boris Sileviçin hazırladığı qaçqınlar və məcburi köçkünlərlə bağlı sənəddə Azərbaycanın mövqeyinə zidd məqamlar əksini tapıb. Latviyalı deputat Azərbaycanda 580 min köçkünün olduğunu qeyd etsə də, məruzədə 8 min qaçqının mövcudluğunu göstərib. Bu qaçqınlar əsasən Çeçenistandan Azərbaycana pənah gətirən insanlar, İran, Əfqanıstan və İraqdan Azərbaycanda sığınacaq tapanlardır. Məruzədə həmçinin Ermənistanda Azərbaycandan qovulan 250 min erməninin yaşadığı göstərilib. Məruzəyə görə, həmin qaçqınların yalnız 15 mininə vətəndaşlıq verilib. Qalan 235 mini Azərbaycan vətəndaşı hesab olunur.

S.Seyidov onu da bildirib ki, B.Sileviçin hazırladığı məruzə yalnız Azərbaycanla bağlı deyil: "Bu məruzədə Gürcüstan və Ermənistandakı qaçqınların vəziyyəti də öz əksini tapıb. Onu da bildirim ki, bu məruzə özbaşına yaranmayıb. Belə bir sənəd əvvəllər də hazırlanmışdı. Həmin məruzədə Azərbaycanı qane edən bəndlər də salınmışdı. Növbəti sessiyada Azərbaycanı qane etməyən bəndlər olarsa, prosedur qaydalarına görə məruzəyə müdaxilə edib dəyişdirə bilərik".

Xəbər lenti

Xəbər lenti