Latviyalı məruzəçi Boris Çileviçin "Azərbaycan, Ermənistan və Gürcüstandakı qaçqın və köçkünlər haqqında" aprelin 13-də Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yaz sessiyasının sonuncu günündə qəbul olunmuş 10 835 saylı məruzəsini Azərbaycan üçün müsbət hesab etmək olar. Bu barədə Trend in Strasburqdakı müxbiri ilə söhbətində AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib.
Onun sözlərinə görə, bu sənədə edilən düzəlişlər hər şeyi nəzərə almağa imkan verib. Qətnaməyə Ermənistandan zorla çıxarılmış azərbaycanlıların dəqiq sayının qeyd olunduğu bənd əlavə edilib.
Q.Paşayeva bildirib ki, digər mühüm amil sənədin maddəsinin dəyişdirilməsidir. Bu dəyişikliyə əsasən, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması yalnız münaqişə həll edildikdən sonra mümkün ola bilərdi. "Bu bəndin qəbul olunması faktiki olaraq Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həlli istiqamətində səylərin üstündən xətt çəkərdi" - deyə parlamentari qeyd edib.
Bununla yanaşı, o, sənəddə mənfi tərəfi də nəzərə çatdırıb. Onun sözlərinə görə, burada münaqişənin tezliklə həlli məqsədilə hər iki ölkə arasında dialoqun aparılması zəruriliyi qeyd olunur. Ancaq Azərbaycan ərazilərinin 20%-nin işğal altında olduğu şəraitdə qətnamənin bu bəndinin yerinə yetirilməsi mümkün deyil.