...

Azərbaycan prezidenti Türkiyədə BTC boru kəmərinin açılışı üzrə bütün tədbirlərdə iştirak edəcək

Siyasət Materials 10 İyul 2006 13:50 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinin tamamlanması və istismara verilməsi Avrasiya, Avropa və bütün dünya üçün mühüm tarixi hadisələrdən biridir. Bu barədə Azərbaycan prezidentinin İcra aparatının xarici əlaqələr şöbəsinin rəisi Novruz Məmmədov Trend ə eksklüziv olaraq xəbər verib.

Onun sözlərinə görə, bu məqsədlə iyulun 12-13-də Türkiyədə keçirilməsi nəzərdə tutulan tədbirlər nəinki yalnız Azərbaycan və Cənubi Qafqaz, həm də bütün Avrasiya, dünya iqtisadiyyatı üçün çox mühüm hadisədir. "Hazırda energetika məsələləri dünyada çox mühüm əhəmiyyət kəsb edir və bununla bağlı məsələlər müxtəlif bölgələrdə, müxtəlif dövrlərdə özünəməxsus xarakter kəsb edir. Bu nöqteyi-nəzərdən Cənubi Qafqazda lider dövlət kimi Azərbaycan tərəfindən Xəzər regionunun, hətta Mərkəzi Asiyanın karbohidrogen xammalının dünya bazarına çıxarılması üzrə atılan addımlar çox mühüm əhəmiyyət kəsb edir", - deyə N.Məmmədov bildirib.

Azərbaycan prezidenti iyulun 12-də İstanbulda keçiriləcək tədbirlərdə və iyulun 13-də Adana şəhərində keçiriləcək mərasimdə iştirak etmək niyyətindədir. İ.Əliyev həmçinin dövlət başçıları, eyni zamanda Türkiyə prezidenti, baş nazir və rəsmi şəxslərlə bir sıra görüşlər keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti