Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Bakı Müharibə Əlil və Ieteranları İctimai Birliyinin üzvü olan Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.
Görüşdə Qarabağ müharibəsi əlil və veteranlarının problemləri, Ermənistan-Azərbaycan münaqişəsi ətrafında yaranmış son durum ətraflı müzakirə olunub. Müharibə əlil və veteranlarının problemlərindən bəhs edən Asim Mollazadə qeyd edib ki, ölkəmizin iqtisadi vəziyyəti vətəndaşlarının həyatının yaxşılığa doğru dəyişməsinə imkan verir: " İstəyirik ki, dövlət büdcəsinin əhəmiyyətli bir hissəsi şəhid ailələrinə, müharibə əlil və veteranlarına yönəlsin. Müharibədə iştirak etmiş insanların normal həyata reabilitasiyası üçün müvafiq proqramlar həyata keçirilməlidir".
Müharibə əlil və veteranları isə məmurların qapıları onların üzünə bağlamasından şikayətləniblər. Ieteranlar müharibə iştirakçılarının əksəriyyətinin hələ də veteran kitabçası ala bilməməsindən, maddi çətinliklər içərisində yaşamalarından, işsizlikdən, ev şəraitlərinin yarıtmaz olmasından, dövlət idarələrində rüşvətxorluq halları ilə qarşılaşmalarından bəhs ediblər. Asim Mollazadə isə bildirib ki, Müdafiə Nazirliyi, hərbi komissarlıqlar hər bir müharibə əlilinin, veteranın, əsgərin, zabitin taleyi ilə də maraqlanmalıdırlar.