...

Məzahir Pənahov: "Bələdiyyə seçkisində 4592 nəfərin namizədliyi qeydə alınıb"

Siyasət Materials 28 İyul 2006 18:23 (UTC +04:00)

Bu il oktyabrın 6-da keçiriləcək təkrar, əlavə, yeni və ilk bələdiyyə seçkilərində iştirak edən namizədlərdən 4639 nəfəri imza vərəqələrini dairə seçki komissiyalarına təhvil verib. Trend in məlumatına görə, bu barədə iyulun 28-də mətbuat konfransı keçirən Mərkəzi Seçki Komissiyası (MSK) sədri Məzahir Pənahov açıqlama verib.

O bildirib ki, namizədlərin doldurulmuş imza vərəqlərini dairə seçki komissiyalarına təhvil vermə müddəti artıq başa çatıb. Namizədliyini irəli sürənlərdən 4639 nəfəri imza vərəqələrini qaytarıb, 4592 nəfərin namizədliyi qeydə alınıb. Seçki Məcəlləsinin tələblərinə əsasən, namizədlərin xeyrinə toplanmış imzaların yoxlanması üçün sənədlərə 10 gün ərzində baxılmalı və namizədin qeydə alınıb-alınmaması barədə qərar çıxarılmalıdır. Bələdiyyə seçkisində namizədliyi qeydə alınmış şəxslərin yekun sayı 10 gündən sonra məlum olacaq. Çünki dairə seçki komissiyalarında seçki sənədlərini təhvil vermiş şəxslərin namizədliyinin qeydə alınması prosesi davam edir. M.Pənahov bildirib ki, indiyədək cəmi iki nəfərin namizədliyinin qeydə alınmasından imtina edilib, onlardan birinin üzərində məhkumluğu, digərinin isə imza vərəqələrində problemləri olub. MSK sədrinin sözlərinə görə, bu qədər yüksək rəqəmlərdə namizədlərin irəli sürülməsi və qeydə alınması böyük göstəricidir.

M.Pənahovun sözlərinə görə, namizədlərdən 2136 nəfəri bitərəfdir. 2196 nəfəri Yeni

Azərbaycan Partiyasının, 23-ü AXCP-nin, 26-sı BAXCP-ın, 30-u Sosial Rifah, 23-ü Vətəndaş Həmrəyliyi, 22-ü AMİP, 5-i Vətəndaş Birliyi, 9-u ADP, 9-u Demokratik İslahatlar, 5-i Ədalət, 13-ü Ümid, 15-i Böyük Quruluş, 22-si Müsavat patiyalarının üzvü olduğunu göstərib. M.Pənahov AXCP-dən olan namizədlərin irəli sürülməsinə bu partiyanın etirazı barədə fikirlərini açıqlayarkən deyib ki, siyasi partiya mənsubiyyətini göstərmək vətəndaşların öz hüququdur və onlar ərizədə bunu yazmağa məcbur edilmirlər. Yəni, namizəd partiya mənsubiyyətini yaza da, yazmaya da bilər. M.Pənahov əlavə edib ki, hər bir partiyanın MSK-ya müraciət edərək üzvləri olan namizədlər barədə məlumat almaq hüququ var: "AXCP bizə belə bir müraciət etməyib. Əgər müraciət olunarsa, biz siyahını təqdim edərik, araşdırarlar. Əgər hansısa namizədin partiya mənsubiyyəti düzgün göstərilməyibsə, bu, nəzərə alınar".

MSK sədri onu da qeyd edib ki, bələdiyyə seçkilərində namizədlərin qeydə alınması mərhələsi avqustun 6-dək davam edəcək, həmin tarixdən isə təşviqat mərhələsi başlayacaq.

Xəbər lenti

Xəbər lenti