Vətəndaş Həmrəyliyi Partiyası Muğan (Aran) bölgə təşkilatlarının Əlaqələndirmə Şurasının növbəti toplantısı keçirilib. Bu barədə Trend ə Əlaqələndirmə Şurasının icraçı katibi və VHP Sabirabad rayon təşkilatının sədr müavini İnqilab Qasımov məlumat verib.
Toplantıda VHP-nin Əlibayramlı, Salyan, Sabirabad, Saatlı, Kürdəmir, Hacıqəbul, Biləsuvar və Neftçala rayon və şəhər təşkilatlarının rəhbərliyi iştirak ediblər.
İ.Qasımov deyib ki, partiya təşkilatlarının toplantısında bələdiyyə seçkiləri və təşkilati məsələlər müzakirə edilib: "Əlaqələndirmə Şurasının yığıncağında əsasən təkrar bələdiyyə seçkiləri, seçkilərdə iştirak və partiya rəhbərliyinin tapşırıqları müzakirə edilib. Qərara alınıb ki, seçkidə iştirak edən müxalifət partiyalarının yerli təşkilatları ilə sıx əməkdaşlıq edilsin. Yerli müxalifət olaraq namizədlərimizin təbliğat-təşviqat işlərinin aparılmasını, seçicilərlə görüşləri birgə təşkil edək, daha şanslı müxalifət təmsilçilərinin qələbə qazanmaları üçün səyləri birləşdirək".
VHP yetkilisi daha sonra qeyd etdiyi kimi toplantıda təşkilati məsələlərin müzakirəsi zamanı qərara alınıb ki, partiyanın Neftçala və Sabirabad rayon təşkilatlarının yenidən konfransları keçirilsin: "Belə ki həftə ərzində 200-ə yaxın rayon sakini partiyanın Sabirabad rayon təşkilatına üzv olmaq üçün müraciət edib, buların arasında müxtəlif partiyaların üzvləri olmuş şəxslər eləcə də heç bir siyasi mənsubiyyəti olmayanlar da var. Həmçinin digər təşkilatlarımıza da VHP üzvü olmaq üçün müraciət edənlər var".