...

İsrail Knesseti Oqtay Əsədova müraciət edib

Siyasət Materials 18 Avqust 2006 12:35 (UTC +04:00)

İsrail parlamentində təmsil olunan 9 siyasi fraksiyanın rəhbərləri Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədova və Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupuna müraciət ünvanlayıb.

Bu barədə Trend ə İsrailin Azərbaycandakı səfirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr Departamentindən məlumat verilib. Müraciətdə deyilir: "Həmas və "Hizbullah"ın girov götürdüyü 3 İsrail əsgərinin valideynləri avqustun 14-də Knesset üzvləri ilə görüşüb. Həmin əsgərlərin saxlandığı yer və onların sağlıq durumu haqqında artıq uzun müddətdir ki, heç bir məlumat yoxdur. İsrail parlamentində təmsil olunan 9 siyasi fraksiyanın sədrləri girov götürülən əsgərlərin valideynləri və yaxınları ilə görüşüb, onları dinlədikdən sonra sizə müraciət etməyi qərara alıb. Humanitar muraciətə Knessetin 110 üzvü imza atıb".

Knesset üzvləri Milli Məclis sədrindən İsrail əsgərlərini girov götürənlərə mümkün qədər təsir edərək, aşağıda qeyd olunan məsələlərin yerinə yetirilməsinə nail olmağı xahiş edir: girov götürülmüş əsgərlərin yaşaması haqqında hər hansı məlumatın verilməsi, onların həyatına və şərəfinə hörmətlə yanaşılması, beynəlxalq humanitar normalar və standartlara uyğun olaraq onlara tibbi müayinənin göstərilməsinə icazə verilməsi, beynəlxalq təşkilat üzvlərinin əsgərlərə baş çəkməsi və ən başlıcası onların dərhal və şərtsiz azadlığa buraxılması üçün lazımi tədbirlərin görülməsi.

Qeyd edək ki, müraciət bu gün Milli Məclis sədri Oqtay Əsədov və Azərbaycan-İsrail parlamentlərarası dostulq qrupunun sədri Yevda Abramova təqdim olunub. İsrail parlamenti bu məsələ ilə bağlı Azərbaycana müraciət etməsini iki ölkə arasında etibarlı və xoş münasibətlərin mövcudluğu ilə izah edir.

Xəbər lenti

Xəbər lenti