Oktyabrda Avropa Şurasının Dağlıq Qarabağ üzrə alt komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə Trend ə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.
S.Seyidovun sözlərinə görə, iclasın gündəliyinə alt komitə nümayəndələrinin Azərbaycana ilk səfəri ilə bağlı məsələ daxil ediləcək. Bundan başqa, AŞ-nin Dağlıq Qarabağ üzrə alt komitəsinin rəhbəri Rassel Constonun Azərbaycan, Ermənistan və Dağlıq Qarabağa səfərlərinə dair məsələ də müzakirə mövzusu olacaq. Səfər 2006-cı ilin sonunadək baş tutmalıdır.
AŞPA-nın payız sessiyasına gəldikdə isə, S.Seyidov əlavə edib ki, sessiyada birbaşa Azərbaycanla bağlı məsələlər müzakirə olunmayacaq. Azərbaycan nümayəndə heyəti ölkənin işğal olunmuş ərazilərində yanğınlarla bağlı məsələ qaldıracaq. Bu məsələ həm də komitələrin ayrı-ayrı iclaslarında və toplantılarında da qaldırılacaq.
Qeyd edək ki, noyabrda AŞPA-nın Azərbaycan üzrə məruzəçiləri Andres Herkel və Toni Lloyd Bakıya səfər edəcək. Bu səfərdən sonra məruzə hazırlanacaq və monitorinq komitəsinə təqdim olunacaq.