"Trend"in Avropa Şuras baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia ilə eksklüziv müsahibəsi
- Avropa Şurası oktyabrın 6-da Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin gedişini müşahidə edəcəkmi?
- Avropa Şurası bələdiyyə seçkilərinin səlis və standartlara uyğun keçiriləcəyinə ümid edərək, bu seçkilərə böyük əhəmiyyət verir. Təşkilat bu seçkilərdə də monitorinq aparacaq. Avropa Şurasının Yerli və Regional Hökümət Orqanları Konqresi monitorinq nümayəndə heyətini göndərəcək. Missiya oktyabrın 3-də gələcək və ayın 8-nə qədər burada olacaq.
Bir qayda olaraq, bu cür proseslər xeyli vəsait tələb edir, ona görə də nümayəndə heyətinin tərkibi çox da böyük olmayacaq. Lakin onlar seçkilərin gedişinin qiymətləndirilməsi üzrə ciddi işlər görüblər. Monitorinq Azərbaycanın paytaxt və bölgələrində aparılacaq.
- Siz müxalifətin bir hissəsinin bələdiyyə seçkilərini boykot etmək qərarını necə qiymətləndirirsiniz?
- Seçkilər boykot edildikdə, demokratiya yox olur. Mən günahı hansısa tərəfin üstünə atmağa çalışmıram. Bəlkə də müxalifətin seçkiləri boykot etmək qərarı nəyə isə əsaslanır. Mən bunu pisləyə bilmərəm.
Müxalifətin Seçki Məcəlləsində dəyişikliklər etmək haqqında tələbinə gəlincə, bu tələblərdən bəziləri məhz Avropa Şurasının da görmək istədiyi dəyişikliklərdir. Avropa Şurasına məlumat verilib ki, bu dəyişikliklər mütləq baş verəcək və biz ümid edirik ki, belə də olacaq. Bu səbəbdən Avropa Şurası və Venesiya Komissiyası ciddi dəyişikliklərin baş verəcəyinə ümid edərək, bu sahədə işləməyə razı olub.
- Sizcə, Azərbaycan Avropa Şurası qarşısında öz öhdəliklərini necə yerinə yetirir?
- Bu, iri miqyaslı məsələdir. Avropa Şurasının bəzi orqanları bu sualla bağlı nəzarət aparır. Onların hesabatları vaxtaşırı olaraq ictimaiyyətin diqqətinə çatdırılır. Bu hesabatlardan nəticə çıxararaq deyə bilərəm ki, bir sıra dəyişikliklərin həyata keçirilməsi üçün həm parlamentarilər, həm də Nazirlər Kabineti tərəfindən böyük istək var. Onlar əmin olmaq istəyirlər ki, Azərbaycanda demokratiyanın hər hansı işartısı deyil, ciddi və sabit irəliləyiş var.
- Siz Azərbaycanda KİV-in vəziyyəti haqqında nə deyə bilərsiniz?
- İnanırıq ki, söz azadlığı - demokratiyanın ən əsas atributlarından biridir. Əlbəttə, biz jurnalistlərin təqib və təhdid olunduğu barədə hesabat almaq istəməzdik. Jurnalistlər hakim qurumların onları təqib edəcəyindən ehtiyat etmədən öz işlərini yerinə yetirməlidirlər. Mən hamını Avropa Məhkəməsinin söz azadlığı barədə nə dediyini təhlil etməyə çağırıram. İnsanlar soruşmalı, öz fikirlərini bildirməli, suallar verməlidirlər. Lakin eyni zamanda onlar daim yadda saxlamalıdırlar ki, müəyyən sərhədlər var ki, onları aşmaq olmaz. İnsan Haqları üzrə Avropa Məhkəməsi bu sərhədləri dəqiq müəyyənləşdirib.
Şübhəsiz, jurnalistlər mətbuatda insanların şərəf və ləyaqətinə toxunmamalıdırlar. Heç bir jurnalistə belə etməyə icazə verilmir. Burada mən əlavə etmək istərdim ki, bu məsələlərdə kriminal siyasətdən istifadə etmək olmaz. Jurnalistlərin təqibi və həbsi onları hədsiz ehtiyatlı olmağa məcbur edir və bu, jurnalistlərin işinə təsir edir.
- Avropa Şurasının yüksək vəzifəli şəxslərinin Azərbaycana səfər edəcəyi gözlənilirmi?
- AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin sədri lord Rassel Conson Azərbaycana gələcək. Lakin hələ konkret tarix müəyyən olunmayıb. Parlament Assambleyası hesab edir ki, R.Consonun başçılıq etdiyi komitə Dağlıq Qarabağ üzrə danışıqların gedişatına təsir göstərə bilər və ona görə də o, bu səfəri planlaşdırır.
Gələn il AŞPA Azərbaycan və Ermənistan parlamentarilərinin iştirak edəcəyi və Dağlıq Qarabağ üzrə məsələlərin müzakirə olunacağı ciddi konfrans keçirməyi planlaşdırır. Hələ biz konfransın konkret olaraq harada keçiriləcəyi barədə heç nə deyə bilmərik. Konfransı Dağlıq Qarabağ üzrə alt komitə təşkil edir. Onun başçısı R.Conson Azərbaycana bu konfransa qədər gələcək.
- Avropa Şurası Azərbaycanın işğal olunmuş ərazilərindəki yanğınlarla bağlı prosesdə iştirak etməyi planlaşdırırmı?
- Düşünürəm ki, bəzi məsələləri mürəkkəbləşdirməkdə deyil, sadələşdirməkdə fayda var. Hazırda bütün təşkilatları bu məsələyə cəlb etməyə ehtiyac yoxdur. Ziddiyyətlər yarana bilər. Ona görə də bu məsələnin üzərində ATƏT işləyir, bu, onların sahəsidir. Avropa Şurasının da bu prosesə müdaxilə etməsi üçün heç bir əsas yoxdur. Lakin Dağlıq Qarabağ üzrə alt komitə AŞPA-nın oktyabrdakı növbəti sessiyası zamanı görüş keçirəcək və məndə olan məlumata görə, bəzi parlamentarilər bu sessiya zamanı məsələ qaldırmq istəyirlər.
- Yaxın gələcəkdə Avropa Şurası hansı böyük tədbirləri həyata keçirməyi planlaşdırır?
- Kifayət qədər tədbirlərin keçirilməsi planlaşdırılır. Tezliklə Siyasi Elmlər Məktəbi öz işinə başlayacaq. Açılış noyabrın 6-da olacaq. Bu, çox mühüm vasitədir. Onun köməyi ilə Azərbaycanın gənc və perspektivli liderləri demokratiya və siyasət məsələlərini öyrənəcəklər. Artıq bir çox ölkələrdə bu cür məktəblər fəaliyyət göstərir. Biz Azərbaycanda bələdiyyə orqanları assosiasiyasının yaradılması məsələsi üzərində işləyirik. İlin sonunadək həbs cəzası sistemi sahəsində təhsillə bağlı hakimlərin ciddi görüşünün keçiriləcəyi nəzərdə tutulub.