Azərbaycan Dövlət Neft Şirkəti və Rusiyanın "Russneft" neft şirkəti Azərbaycanın "Hövsan"-"Zıx" quru yataqlarının birgə işlənilməsi üzrə danışıqlar aparır.
ARDNŞ-dən Trend ə verilən məlumata görə, tərəflər arasında müvafiq danışıqlar davam edir və hələlik faiz nisbəti razılaşdırılmayıb.
Xatırladaq ki, bir qədər əvvəl "Hövsan"-"Zıx" yataqlarının işlənilməsi üzrə PSA tipli müqavilə Rusiyanın digər şirkəti - "LUKoyl"la bağlanmışdı. Lakin sonradan "LUKoyl" ekoloji məsələlərlə bağlı bu müqaviləni pozub.
"Zıx" yatağının uzunluğu 3,25 km, eni isə 1,75 km-dir. Abşeron yarımadasında yerləşən bu yatağın məhsuldar laylarının dərinliyi 1470-2800 metr təşkil edir. Yataq 1935-ci ildən istismar olunur.
"Hövsan" yatağı isə Bakıdan 20 km şərqdə Hövsan qəsəbəsində yerləşir. Yatağın uzunluğu 6 km, eni isə 5 km-dir. 1947-ci ildən istismar olunan bu yataq qərb və şərq sahələrindən ibarətdir.