Oktyabrın 4-də Riqada Azərbaycan və Latviya prezidentləri - İlham Əliyev və Vayra Vike-Freyberqanın təkbətək görüşü keçirilib. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.
Danışıqlardan öncə isə Riqa qəsrində rəsmi qarşılanma mərasimi, rəsmi fotoşəkillərin çəkdirilməsi və Fəxri qonaqlar kitabına ürək sözlərinin yazılması, eləcə də hər iki prezident və onların həyat yoldaşları arasında səmimi söhbət baş tutub.
Azərbaycan prezidentinin səfər proqramına, həmçinin, hökumət nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar, sənədlərin imzalanması mərasimi və dövlət başçılarının birgə mətbuat konfransı daxildir. Bundan başqa, səfər proqramında Azadlıq abidəsi önünə əklillərin qoyulması, Latviyanın baş naziri Ayqar Kalvitis, parlamentin spikeri İnqrid Udre ilə görüşlər, Latviya Dövlət Universitetində çıxış etmək və Azərbaycan prezidentinin şərəfinə rəsmi ziyafət nəzərdə tutulub.