Bakı istiqamətindən Gəncəyə giriş yolunda qədim Gəncə darvazasının oxşarının tikintisinə başlanılacaq. Bu barədə məlumatı Trendə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov verib.
O bildirib ki, indi Gürcüstanda saxlanılan həmin darvazanın geri qaytarılacağına inam azdır. Ona g.rə də, yerli hakimiyyət darvazanın oxşarını hazırlamaq qərarına gəlib. Artıq darvazanın və onu əhatə edəcək qala divarlarının eskizi hazırdır.
Layihədə nəzərdə tutulan qala divarlarının hündürlüyü 12-14 metr olacaq. Kərpicdən inşa ediləcək bu divarların tikinti materialı isə Naxçıvandan gətiriləcək. Yerli ustalar Gürcüstanın Kutaisi şəhərində, kilsədə saxlanılan darvazanın bütün ornamentləri, tikinti materiallarının tərkibiylə tanış olacaqlar.
Qeyd edək ki, 1139-cu ildə, böyük dağıntılarla nəticələnmiş zəlzələdən sonra, gürcü qoşunları Gəncə darvazasını qənimət kimi götürərək, Kutaisidəki kilsəyə aparıblar.