...

Sülhəddin Əkbər: "Haqqımda yanlış fikirlər formalaşdırılması partiyada kimlərinsə Məclisə seçkilərdən sonra özünə gələ bilməməsinin nəticəsidir"

Siyasət Materials 9 Noyabr 2006 13:07 (UTC +04:00)

"Müsavat Partiyası daxilində mənim barəmdə yanlış fikirlər formalaşdırmaq cəhdi partiyada kimlərinsə Məclis sədrliyinə seçkilərdən sonra hələ də özünə gələ bilməməsinin nəticəsidir". Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər bildirib.

S.Əkbər qeyd edib ki, başqan müavini Arif Hacılının Müsavatın İcra aparatının rəhbəri təyin olunmasına dair heç bir narazılıq ifadə etməyib: "Son zamanlar mənim adımdan yalan informasiyalar yayırlar və sonra da özləri buna cavab verirlər. Yəni, çox gülünc bir vəziyyət yaranır. Partiyada isə Məclisə seçkilərdən sonra sanki hələ də yarış davam edir. Müsavat Partiyasında bütün təyinatlar başqanın səlahiyyəti daxilindədir və onun təyinatı da müzakirə olunmur. İcra Aparatına kimin rəhbər təyin edilməsinin Məclis sədrliyinə heç bir aidiyyəti yoxdur"-deyə S.Əkbər qeyd edib.

Məclis sədri əlavə edib ki, partiya başqanı İsa Qəmbərin bu təyinatla ona cavab verməsinə də ehtiyac yoxdur və bu barədə fikirlər əsassızdır: "Mən başqanın səlahiyyətinə aid olan məsələlərə şəhr vermirəm".

Arif Hacılı da deyib ki, S.Əkbərin dilindən səslənən fikirlərin təhrif olunması mümkündür və onunla aralarında bu barədə ciddi problem mövcud deyil: "Mən istisna etmirəm ki, onun jurnalistlərə açıqlaması təhrif olunub. Əgər özü təkzib edirsə, onda mən onun bu fikirlərini qəbul edirəm".

Xatırladaq ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti