...

Amerikalı ekspert: Azərbaycandakı QHT və hökümət məişət zorakılığı ilə birlikdə mübarizə aparmalıdırlar

Siyasət Materials 27 Noyabr 2006 13:21 (UTC +04:00)

Bu gün ATƏT-in Bakı ofisinin yardımı ilə keçirilən Azərbaycanda qadın hüquqlarına həsr olunmuş konfrans öz işinə başlayıb. Trend in verdiyi xəbərə görə, tədbirdə ABŞ, Almaniya, Böyük Britaniya, Avstriya, Makedoniya, İran, Ukrayna, Gürcüstan, Qırğızıstan ekspertləri, eləcə də yerli mütəxəssislər iştirak edir.

Konfransın açılışında çıxış edən Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Faiq Qurbanov qeyd edib ki, Azərbaycanda qadınların cəmiyyətdəki vəziyyəti ilə bağlı problemlər var, lakin eyni zamanda bu sahədə tərəqqinin olması da hiss olunur. O, gender haqqında qanunun və qadın, uşaq və ailə ilə iş üzrə xüsusi dövlət proqramının qəbulunun planlaşdırılmasını buna misal göstərib.

Ailə, uşaq və qadın problemləri komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, öz növbəsində, qeyd edib ki, bugünkü konfransın başlıca məqsədi - Azərbaycanın ictimai həyatında qadınların fəaliyyətini aktivləşdirməkdir. O bildirib ki, hazırda ölkədə təxminən 50 qadın təşkilatı fəaliyyət göstərir. O, ədliyyə orqanlarında qadınların sayının az olmasını belə izah etdi ki, indiyədək qadınlar bu sahəyə xüsusi maraq göstərməyiblər, lakin indi vəziyyət dəyişib və ali məktəblərin hüquq fakültələrində çoxlu qızlar təhsil alır. O həmçinin əmindir ki, həm ədliyyə orqanlarında, həm də polis sıralarında qadınların sayını artırmaq lazımdır.

Müzakirələrdə çıxış edən ABA CEELI (ABŞ) təşkilatının eksperti Vendi Patten qadınların məişət zorakılığı sahəsində dünya təcrübəsindən danışıb. O qeyd edib ki, əgər bir neçə il bundan əvvəl məişət zorakılığı cəzasız qalırdısa, son illər bu faktın insan haqlarının pozulması kimi qiymətləndirilməsinə nail olunub və buna görə cinayət cəzası nəzərdə tutulur.

Ekspert hesab edir ki, məişət zorakılığı digər zorakılıq formalarına gətirib çıxarır. Bundan həmçinin bu ailədə yaşayan uşaq və yeniyetmələr də zərər çəkir. V.Patten qeyd edib ki, ailə zorakılığı ilə mübarizə üçün hökümət orqanları və qeyri-hökümət təşkilatları səylərini birləşdirməlidirlər. Hökümət təkbaşına ailə zorakılığı ilə mübarizə apara bilməz, burada ictimai təşkilatların dəstəyi zəruridir və bir çox dünya ölkələrində QHT bu sahədə qlobal işlər görürlər.

Tədbirdə həmçinin işçi qrupunun ATƏT-in Bakı ofisi ilə birgə hazırladığı və qadınlara qarşı zorakılığa görə cəzanın nəzərdə tutulduğu qanun layihəsi müzakirə edilib. İş Gürcüstanın gender hüquq bərabərliyi haqqında qanunvericiliyi, məişət zorakılığı ilə mübarizə, təşəbbüslərlə iş, hüquq assosiasiyalarında qadınların inkişafı, Azərbaycanda gender hüquq bərabərliyi haqqında qanun layihəsi, hüquq təcrübəsi üçün əsasın yaradılması adlanan ayrıca sessiyalarda davam etdirilib.

Konfrans öz işini noyabrın 28-də başa çatdıracaq.

Xəbər lenti

Xəbər lenti