Dekabrın 13-də Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilib. Bu barədə Trend ə parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, millət vəkili Zahid Oruc məlumat verib. Onun sözlərinə görə, iclasda qanunvericilik təşəbbüsü ilə Prezident Aparatından göndərilmiş sənəd müzakirə olunub. Prezident Aparatından göndərilmiş layihə indiyə qədər mövcud olan qanunlara əlavə və dəyişiklikləri əks etdirir.
Z.Oruc qeyd etdi ki, birinci dəyişiklik hərbi çağırışın zamanı ilə əlaqədardır. Belə ki, mövcud qanunvericiliyə görə hər il dörd dəfə hərbi çağırış həyata keçirilir və yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 20-nə qədər olan zaman hərbi çağırış müddəti hesab olunur. Prezident Aparatından göndərilən təkliflərə görə, 20 rəqəmi 30-la əvəz olunacaq.
Millət vəkiili vurğulayıb ki, hazırkı qanuna görə, birinci və ikinci qrup əlil ana və ataya malik olan və himayəsində bir uşaq olan çağırışçılara möhlət verilirdi. İkinci təklifə görə ikinci qrup əlillərdən bu güzəşt götürülür və yalnız birinci qrupun güzəştləri saxlanılır.
Z.Oruc bildirib ki, üçüncü təklif üç övlad atası olan çağırışçıların möhlət hüququnun ləğvini nəzərdə tutur. Qanuna dəyişiklik edildikdən sonra üç uşaq atası olan çağırışçılara heç bir güzəşt edilməyəcək və onlar hərbi xidmətə aparılacaq.
Deputut qeyd edib ki, ali təhsilli hərbi çağırışçıların hərbi xidmət müddətinin artırılama məsələsi də müzakirə olunub.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, ali təhsili olan çağırışçılar üçün hərbi xidmət müddəti bir il, ali təhsili olmayanlar üçün isə il yarım idi. Prezident Aparatından göndərilən təkliflərə görə, indidən sonra ali təhsilli çağırışçılar da ali təhsili olmayanlar qədər, yəni il yarım xidmət edəcəklər.
Bundan başqa ali təhsildən sonrakı təhsilin davam etdirilməsi məsələsi də müzakirə olunub. Təkliflərə görə, ali təhsildən sonra təhsilini davam etdirmək istəyən şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək. Çox guman ki, bu orqan təhsil nazirliyi olacaq.
İstedadlı tələbələrin siyahısını Təhsil Nazirliyi müəyyənləşdirərək onu hərbi komissarlıqlara təqdim edəcək. Əgər çağırışçı magistraturaya qəbul olunarsa, təhsilini davam etdirəcək. Magistraturaya qəbul olunmasa, hərbi xidmətə aparılacaq.
Prezident Aparatından göndərilən sənəd ətrafında ciddi müzakirələr aparılıb və təkliflərin parlamentin iclasında müzakirə olunması qərara alınıb.