...

Nazir müavini: Gürcüstanla sərhədlər hüquqi normalara əsasən müəyyən olunacaq, güzəşt, dəyişmə və ya əlavə etmə haqqında heç bir söhbət gedə bilməz

Siyasət Materials 15 Dekabr 2006 13:39 (UTC +04:00)

Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə ekspertlərin görüşü 2007-ci ilin fevral ayına qədər baş tutacaq. Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib və əlavə edib ki, görüş Bakıda keçiriləcək.

Azərbaycan və Gürcüstan sərhədində yerləşən David Qaraci kompleksinə dair mübahisələrə toxunan X.Xələfov əlavə edib ki, burada söhbət dövlət sərhədlərinin müəyyən olunmasından gedir və bu, hüquqi normalara əsasən həyata keçirilir. "Sərhədlər həmin normalara əsasən müəyyən olunacaq və güzəşt, dəyişmə və ya əlavə etmə haqqında heç bir söhbət gedə bilməz", - deyə nazir müavini bildirib.

Xəzərin hüquqi statusu məsələsinə gəlincə, o bildirib ki, İran sammitin keçirilməsi təşəbbüsünü irəli sürən tərəf kimi görüşləri Tehranda təşkil edəcək. Bu məqsədlə artıq 2006-cı ilin oktyabr və dekabr aylarında iki görüş keçirilib. Yekun sənədinin layihəsi üzərində çox işlər görülüb. Bəyannamə layihəsinin böyük hissəsi razılaşdırılıb. Bəzi məsələlər qalıb, ona görə də bir neçə görüşün keçirilməsi zəruridir.

"Ona görə də biz qərara aldıq ki, 2007-ci ilin yanvar ayının ikinci yarısında işçi qrupunun görüşü keçiriləcək və əgər öiz açıq qalan məsələlərin sayını minimuma çatdıra bilsək və bəzi prinsipial məsələlərdə ümumi qərar əldə edə, bəzi mövqeləri razılaşdıra bilsək, biz XİN başçılarının görüşünün və müvafiq olaraq sammitin vaxtını razılaşdıra bilərik", - deyə X.Xələfov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti