...

Oqtay Əsədov: "Azərbaycan Polşa ilə əlaqələrin inkişafına böyük önəm verir"

Siyasət Materials 22 Yanvar 2007 19:40 (UTC +04:00)

Yanvarın 22-də Milli Məclisin sədri Oqtay Əsədov Polşa Respublikası xarici işlər nazirinin birinci müavini Pavel Kovalı qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, O.Əsədov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya dövlətləri, o cümlədən Polşa ilə əlaqələrin inkişafına böyük önəm verir. "Azərbaycan prezidenti cənab İlham Əliyevin 2005-ci ildə Polşaya səfəri zamanı müxtəlif sahələrə aid imzalanmış sənədlər dövlətlərarası münasibətlərə yeni impuls verib", - deyə O.Əsədov vurğulayıb.

O bildirib ki, parlamentlərimiz səviyyəsində də münasibətlərimiz inkişaf etməkdədir. Əlavə edib ki, ötən il Polşa parlamentinin spikeri Boqdan Boruseviçin ölkəmizə səfəri bu sahədə əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rol oynayıb.

Milli Məclisin sədri qeyd edib ki, bu gün dinamik inkişaf edən Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir: "Münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həlli Avropa təhlükəsizlik sisteminə də öz müsbət təsirini göstərərdi. Biz problemin ədalətli həllinə inanırıq."

Qonaq təmsil etdiyi ölkənin Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərdiyini vurğulayıb. Qeyd edib ki, Polşa Azərbaycanın enerji ehtiyatlarının hasilatı sahəsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirir: "Bu sahədə əməkdaşlıq üçün yaxşı imkanlar vardır. Parlamentlər səviyyəsində də münasibətlərimizin inkişafı təqdirə layiqdir."

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti