...

Millət vəkili: "Müdafiə naziri parlamentdə hesabat verməlidir"

Siyasət Materials 19 Aprel 2007 13:08 (UTC +04:00)
Millət vəkili: "Müdafiə naziri parlamentdə hesabat verməlidir"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müharibə şəraitində olduğuna görə, ordunun indiki vəziyyəti, ayrılan vəsaitlərin necə xərclənməsi ilə bağlı müdafiə nazirinin Milli Məclisin qapalı iclasında hesabat verməsi vacibdir. Bu barədə cümə axşamı Bakıda Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, millət vəkili Zahid Oruc bildirib.

Millət vəkili qeyd edib ki, bu, milli maraqlara, ölkənin təhlükəsizliyinin daha yaxşı təmin olunmasına, mövcud olan problemlərin aradan qaldırılmasına, bir sıra ciddi islahatların aparılmasına, Azərbaycanın beynəlxalq hərbi əlaqələrinin daha yaxşı səviyyədə qurulmasına müsbət təsir göstərər.

Oruc vurğulayıb ki, hazırda orduda islahatlar aparılır. Silahlı Qüvvələr keçmiş modellərdən tamamilə yeni bir sistemə keçir. "Bu məsələdə parlamentin üzərinə də müəyyən vəzifələr düşür. Bu daha çox demokratik nəzarət adlı bir fəaliyyəti özündə əks etdirir. Ona görə də belə bir qarşılıqlı monitorinqlər, nəzarət və dinləmələr işin xeyrinə olardı" - deyə deputat əlavə edib.

Azərbaycanın Müdafiə Nazirliyində məsələni şərh etmək istəməcələr də hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov qeyd edib ki, dünyanın əksər demokratik ölkələrində ordu rəhbərliyi parlament qarşısında hesabat verir. Onun fikrincə, bu, qeyri-adi hadisə deyil və bundan çəkinməyə ehtiyac yoxdur: "Azərbaycanda belə bir praktika yoxdur. Əslində isə olmalı idi. Amma biz geç-tez bunu reallaşdırmalı olacağıq. Bu şəffaflığın təmin olunması baxımından vacibdir və beynəlxalq təşkilatlarda da bunu tələb edirlər" - deyə o bildirib

Milli Məclisin bu il üçün təsdiq etdiyi dövlət büdcəsində hərbi xərclər təxminən 1,7 mlrd. manat təşkil edib. Ekspert hesab edir ki, parlament orduya ayrılan vəsaitin xərcələnməsinə nəzarət etməlidir və ordu rəhbərliyi parlament qarşısında hesabat verməlidir.

Xəbər lenti

Xəbər lenti