...

Azərbaycanlı politoloqların fikrincə, ABŞ növbəti dəfə öz diplomatiyasında ikili standartlar tətbiq edib

Siyasət Materials 23 Aprel 2007 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyəti ilə bağlı 2006-cı il üçün hesabatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı edilən dəyişiklik Vaşinqtonda keçirilməsi nəzərdə tutulan ABŞ-Azərbaycan ikitərəfli danışıqların təxirə salınmasına səbəb oldu.

Politoloq Rasim Musabəyov hesab edir ki, dərc olunmuş hesabatda kiminsə müraciəti, təkidi nəticəsində hər hansı bir dəyişiklik etmək qeyri-adi addımdır. Onun fikrincə, göz qabağında olan, subuta yetirilməsinə ehtiyac olmayan bir məsələ ilə bağlı hesabatda həqiqətə uyğun olmayan dəyişikliyin edilməsi onu göstərir ki, ABŞ siyasətinə erməni lobbisinin təsiri kifayət qədər böyükdür. "Bu eyni zamanda, onu göstərir ki, ABŞ rəsmiləri arxayındırlar ki, hesabatda dəyişiklik etsələr də Azərbaycan rəsmi Vaşinqtonla əməkdaşlığı davam etdirəcək" - deyə ekspert əlavə edib.

Musabəyov deyib ki, ABŞ hesabatda dəyişiklik etməklə yalnış mövqe tutub. Politoloqun qənaətincə, bu məsələdə Vardan Oskanyan amili də rol oynayıb: "Ermənistanın hazırkı hakim elitasında Oskanyan amerikapərəst nümayəndə hesab olunur. Robert Koçaryandan sonra Oskanyanın da seçkilərdə prezidentliyə namizəd olacağı istisna deyil. Hesab edirəm ki, bu düzəliş eyni zamanda ABŞ-ın Oskanyana dəstəyi idi" - deyə politoloq əlavə edib.

Onun sözlərinə görə, hesabatın Ermənistanla bağlı hissəsində dəyişiklik edilsə də, Azərbaycanla bağlı hissə əvvəlki kimi qalıb. Ekspert qeyd edib ki, eyni məsələ ilə bağlı iki baxışın olması gülünc mənzərə yaradır.

O bildirib ki, Vaşinqtonda keçirilməsi nəzərdə tutulan danışıqların təxirə salınması təkcə, ABŞ-nın bölgə ilə bağlı planlarına zərəb deyil. Bu eyni zamanda Azərbaycan-ABŞ münasibətlərinə zərbə vuran addımdır.

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Dövlət Departamentinin hesabatında dəyişiklik edilməsi uzun müddət davam edən prosesin nəticəsidir. Onun sözlərinə görə, Dövlət Departamentində güclü ekspertlər var, onlar beə qənaətə gəliblər ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini həll etmək istəmirlər: "Onlar belə qənaətə gəliblər ki, tərəflər münaqişənin dondurulmasına çalışırlar. On görə də həmin ekspretlər ABŞ rəhbərliyinə təklif ediblər ki, bundan sonra hesabatlarda Dağlıq Qarabağın işğal edildiyini yazmayaq" - deyə Əlizadə bildirib. Onun fikrincə, hesabatda dəyişiklik edilməsi Azərbaycan-ABŞ münasibətlərinə ciddi mənfi təsir göstərməyəcək.

Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyədə olduğunu deyən politoloq Rüstəm Məmmədov isə qeyd edib ki, ABŞ öz diplomatiyasında ikili standartlar tətbiq edib: "ABŞ bölgədə Ermənistanı gələcək müttəfiq kimi görmür. Lakin Vaşinqton çalışır ki, Ermənistan mümkün qədər Qərbpərəst siyasət yürütsün. Ona görə də hesabatda belə bir dəyişiklik ediblər ki, ermənilər ABŞ-dan üz döndərməsin" -deyən ekspert qeyd edib ki, Azərbaycan ABŞ müttəfiqi kimi çıxış etməyə hazırdır. Vaşinqtonun qarşısında duran əsas vəzifə Ermənistanı Rusiyanın nəzarətindən çıxırmaqdır.

Xəbər lenti

Xəbər lenti