...

Parlamentin komissiya sədri: ""Təhsil haqqında" qanun layihəsi Milli Məclisin iclasında müzakirə olunacaq"

Siyasət Materials 2 May 2007 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Təhsil haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə edilmək üçün Milli Məclisin mayın 18-də keçiriləcək iclasının gündəliyinə salınıb. Bu barədə çərşənbə günü Bakıda Milli Məclisin Elm və təhsil komissiyasının sədri, millət vəkili Şəmsəddin Hacıyev məlumat verib.

Komissiya sədri qeyd edib ki, layihə tamamilə yenidən işlənilib. Bir neçə dəfə televerilişlərdə, qeyri-hökumət təşkilatları ilə geniş ictimai müzakirədən keçirilib. "Təkcə komissiyanın özündə dörd dəfə müzakirə etmişik. Bu müzakirələrdə səslənən bütün konstruktiv təkliflər qanun layihəsində nəzərə alınıb. Ən ciddi təkliflər isə Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən verilib. Komissiya çalışıb ki, bütün bu təkliflər nəzərə alınsın və qanun daha təkmil olsun" - deyə Hacıyev əlavə edib.

Onun sözlərinə görə, birinci oxunuşda müzakirəyə çıxarılacaq qanun layihəsində əvvəlki layihədən bəzi müddəalar saxlanılıb: "Hesab edirəm ki, bu qanun layihəsi çox çətin bir layihədir. Bu gün dünya təhsil sahəsində baş verən bütün yenilikləri, prosesləri nəzərə almaq lazımdır. Ən başlıcası isə qanun layihəsində bizim təhsilimizin milli xüsusiyyətləri nəzərə alınıb. Təhsilin gələcək inkişafını, dünya təhsilinə inteqrasiyanı təmin edəcək bir qanun layihəsi müzakirəyə çıxarılacaq". Qanun layihəsinin müzakirəsinin çox gərgin keçəcəyini deyən Hacıyevin sözlərinə görə, komissiya rəhbərliyi "Təhsil haqqında" qanun layihəsinin parlamentin yaz sessiyası ərzində qəbul edilməsində iddialıdır: "Layihədə çox mütərəqqi iddialar öz əksini tapıb. Ən başlıcası isə bu qanun çərçivəsindən kənara çıxıb hansısa addımın atılması mümkün olmayacaq".

O qeyd edib ki, qanun layihəsində əsasən elmi araşdırmaların səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət edilib: "Çünki hazırda çox ciddi elmi araşdırmaların aparılmasına ehtiyac var".

Xəbər lenti

Xəbər lenti