...

"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi hazırlanıb

Siyasət Materials 3 May 2007 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı / " , müxbir İ.Əlizadə/ Milli Məclisdə "Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi hazırlanıb. Bu barədə cümə axşamı Bakıda Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov məlumat verib.

O bildirib ki, qanun layihəsi Milli Məclisdə aparılan müzakirələr zamanı irəli sürülən təkliflər və iradlar nəzərə alınmaqla ikinci oxunuşa hazırlanır.

Onun sözlərinə görə, belə bir qanunun hazırlanmasında məqsəd Azərbaycan Respublikası Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasıdır. Qanun şübhəli şəxs qismində tutulmuş və ya barəsində təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb etmə haqqında qərar çıxarılmış və həbs qətimkan tədbiri seçilmiş şəxslərin saxlandıqları həbs yerlərində onların hüquq və azadlıqlarını təmin etməyi nəzərdə tutur.

"Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində hazırlanıb. Layihə sonda tərcümə olunaraq ekspertiza üçün Avropa Şurasına göndəriləcək.

Qanun müzakirəyə çıxarılmamışdan əvvəl qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların Bakıda yerləşən təmsilçilərinin və ekspertlərin iştirakı ilə ictimai müzakirədən keçirilib.

Kərimov qeyd edib ki, irəli sürülən təkliflər məqsəduyğun hesab edildiyi təqdirdə qanun layihəsində əks olunacaq.

Qanun layihəsi yaxın vaxtlarda ikinci oxunuşda Milli Məclisin iclasında müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti