...

Nümayəndə heyətinin üzvü: "ATƏT PA Dağlıq Qarabağ münaqişəsinə hüquqi və siyasi qiymət verməkdən imtina edir"

Siyasət Materials 17 May 2007 18:49 (UTC +04:00)
Nümayəndə heyətinin üzvü: "ATƏT PA Dağlıq Qarabağ münaqişəsinə hüquqi və siyasi qiymət verməkdən imtina edir"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ ATƏT Parlament Assambleyasının (ATƏT PA) sədri Qoran Lenmarkerin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzəsi qurumun yay sessiyasında da müzakirə olunmayacaq. Bu barədə cümə axşamı Bakıda Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) daimi nümayəndə heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov məlumat verib.

Qoran Lenmarker eyni zamanda ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisidir.

"Bu yaxınlarda Ermənistanda növbəti parlament seçkiləri keçirilib. İndidən dəqiq demək mümkün deyil ki, bunlar iyul ayına kimi parlamentlərini formalaşdıra biləcəklər, bilməyəcəklər, onları ATƏT PA-da kimlər təmsil edəcək, onlar yay sessiyasına qatılacaqlar, yoxsa yox. Belə olduğu təqdirdə yay sessiyasında Dağlıq Qarabağ münaqişəsinin müzakirəyə çıxarılacağı və Qoran Lenmarkerin məruzəsinin müzakirə olunacağı gözlənilmir", -deyə İbrahimov əlavə edib. Millət vəkili onu da bildirib ki, Lenmarkerin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı məruzədə heç bir dəyişiklik yoxdur, hər şey elə əvvəlki tək qalır. Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə tənzimlənməsi məsələsində vasitəçilik missiyasını ATƏT-in Minsk qrupu həyata keçirdiyi üçün adıçəkilən qurumun Parlament Assambleyası özünü bu məsələdən bir qədər kənarda saxlamağa çalışır: "Onlar Dağlıq Qarabağ məsələsini, ümumiyyətlə, bu münaqişə ilə bağlı Qoran Lenmarkerin hazırlamış olduğu məruzəni müzakirə etməkdən bir qədər yayınırlar".

İbrahimov qeyd edib ki, buna baxmayaraq, Azərbaycanın qurumdakı nümayəndə heyəti hər dəfə olduğu kimi, ATƏT PA-nın yay sessiyasında Dağlıq Qarabağ məsələsini qaldıracaq: "Biz hər zaman marağında olmuşuq ki, bu məsələ ATƏT PA-nın gündəliyinə çıxarılsın və öz hüquqi-siyasi qiymətini alsın. Nəzərinizə çatdırım ki, hər dəfə erməni nümayəndə heyəti bu məsələnin qarşısını almağa cəhd göstərir və haradasa öz havadarları vasitəsilə istəklərinə nail olur. Lakin biz də boş oturmuruq, Dağlıq Qarabağ hadisələrini, bütövlükdə Azərbaycan həqiqətlərini avroparlamentarilərin diqqətinə çatdırırıq".

Onun sözlərinə görə, Qoran Lenmarkerin hazırladığı məruzədə Azərbaycanı qane edən məqamlar da var, etməyən məqamlar da. Millət vəkilinin fikrincə, Azərbaycan üçün ATƏT PA-nın təkcə bir sözü, bir qərarı lazımdır: "Yəni bu qurum da Avropa Şurası Parlament Assambleyası kimi Ermənistanın işğalçı, təcavüzkar olduğunu öz rəsmi sənədi vasitəsilə bəyan etsin. Qarşıdan gələn Kiyev sessiyasında qəbul ediləcək qətnamədə göstərilsin ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və Dağlıq Qarabağ seperatçı, terrorçu qüvvələrin nəzarəti altındadır".

Qoran Lenmarkerin məruzəsi bir neçə ildir ki, hazır olsa da, ATƏT PA rəhbərliyi müxtəlif bəhanələrlə sənədi qurumun sessiyasında müzakirəyə çıxarmaqdan imtina edir.

Xəbər lenti

Xəbər lenti