Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti bazar ertəsi Polşaya rəsmi səfərə gedib. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Səfərdə əsas məqsəd iki ölkənin qanunverici orqanları arasında əlaqələri daha da genişləndirməkdir.
Polşa Senatının sədri Boqdan Boruseviçin dəvəti ilə reallaşan səfər çərçivəsində Əsədov Polşa prezidenti, baş naziri, xarici işlər, iqtisadiyyat nazirləri, Senatın və Seymin sədrləri ilə görüşəcək. Bu görüşlərdə ölkələrimiz və qanunverici orqanlar arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişafına dair müzakirələr aparılacaq.
Milli Məclisin sədri səfər çərçivəsində 28 may - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edəcək. Bu tədbirdə Polşanın dövlət və hökumət üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.
Səfər mayın 23-də başa çatacaq.