...

Azərbaycan İslam Partiyasının sədri: "Prezident seçkilərində iştirakımız dövlət qeydiyyatına alınmağımızdan asılıdır"

Siyasət Materials 26 İyul 2007 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan İslam Partiyasının (AİP) qarşıdan gələn prezident seçkilərində iştirakı onun dövlət qeydiyyatına alınıb-alınmamasından asılı olacaq. Bu barədə İslam Partiyasının sədri Mövsüm Səmədov cümə axşamı açıqlama verib.

AİP-in altıncı qurultayından sonra keçirilən ilk mətbuat konfransında partiya sədri qeyd edib ki, qurultayın sənədləri yaxın günlərdə Ədliyyə Nazirliyinə təqdim olunacaq. Əgər partiya dövlət qeydiyyatına alınacaqsa, AİP gələnilki prezident seçkisində öz namizədi ilə iştirak edə bilər. Həmçinin başqa şəxsin namizədliyini dəstəkləyə bilər. AİP-ə olan münasibətdən asılı olaraq, islamçıların hətta iqtidarı da dəstəkləməsi mümkündür.

Sədr qeyd edib ki, Azərbaycanın ümummilli problemlərinin həlli üçün siyasi partiyaların üzərinə böyük vəzifələr düşür. Bunun üçün siyasi çəkişmələrə deyil, bütün qüvvələrin səfərbər olunmasına çalışmaq lazımdır.

İslamçılar həmçinin hesab edirlər ki, Azərbaycanda ekstremist qüvvələrin təxribat, qarışıqlıq yaratması təhlükəsi var. Onların fikrincə, ölkədə irqi, dini fərqləri artıran, qarşıdurma yarada biləcək güclərin, vəhabilərin, nurçuların geniş əl-qol açması, həmçinin onlara münbit şərait yaradılması Azərbaycan xalqının və dövlətinin maraqlarına təhlükədir.

Qeyd edək ki, müxalifətyönlü İslam Partiyası 1992-ci ildə yaradılıb, 1995-ci ildə dövlət qeydiyyatı ləğv olunub.

Xəbər lenti

Xəbər lenti