...

Aşıq Əhliman: "Xoruz yox idi, sabah açılmırdı?"

Cəmiyyət Materials 29 Sentyabr 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /müx. TrendLife Əli Dərviş/

Aşıqlara prodüsser lazımdır? TrendLife bu barədə aşıq Əhlimanın fikirlərini çatdırır:

-Burda belə bir misal yada düşür: xoruz yox idi, səhər açılmırdı? Aşıq, ilk növbədə, cəsarətli sözün ustadıdır. Xalq ustadının prodüser neyinə lazımdır? Mənə şəkillərlə dolu çantamı daşıyan insan lazım deyil. Əsl aşıqlar canlı oxumalıdır. Belə olmasa, bu barədə söhbət belə gedə bilməz.

-Amma əsl prodüser həm də musiqiçinin vəkilidir.

-Müasir aşıqlar nəinki Dənizkənarı parkda, həm də el şənliklərində çıxış edirlər. Məsələn, mən toylarda çıxış etməyimə görə qonararımı özüm danışıram. Buna görə də heç bir vəkilə ehtiyacım yoxdur!

-Əgər aşıq Əhliman bu gün özünü şou-biznesdə sayırsa, onda bu gün kim çox pul qazanır- popçu yoxsa aşıq?

-Kimin ki reklamı güclüdür, o da çox pul qazanır. Məsələn, mən bəzi yerli şou-biznes nümayəndələrindən fərqli olaraq, bir çıxışıma görə onlardan iki dəfə çox pul qazanıram.

-Deyirsiz ki, siz adi popçulardan iki dəfə çox pul qazanırsınız. Amma bəzi aşıqların kiçik reklama pulları çatmır...

-Mənim KİV-də reklamım zəifdir. Amma Azərbaycan xalqı məni sevir, hörmət edir. Aşıq sənətini bu gün yalnız Şərq ədəbiyyatını yaxşı bilən insanlar başa düşür. Lakin bəzi insanlar var ki, öz tarixlərini bilmirlər, savadsızdrılar, bizim sənətimizə gülürlər. Aşıq obrazlı səviyyəsiz kliplər çəkirlər. Bu, sözün əsl mənasında, aşıqlara pis təsir edir.

-Siz müğənni Yeganənin klipində Kamran Həsənlinin yaratdığı aşıq obrazdan danışırsınız?

-Kamranın aktyorluq qabliyyətindən qoy əsl sənətkarlar danışsın. Bəlkə də o, komediya janrında yaxşı ifa edir. Lakin bizim sənətimizi gülməli vəziyyətə salmağa haqqı çatmır. Axı, klipə yeniyetmə nəsil baxır. Əgər onlara başa salmasan ki, aşıqlar nəyə qulluq edir, onlar heç nə bilməyəcəklər.

-Bəs öz imicinizi dəyişmək niyyətində deyilsiniz?

- Aşığın imici-- onun alətidir. Onun sazı nə qədər bahalı olsa, onun bir o qədər istedadlı olmasından xəbər verir. Mütləq başındakı papağı qaragüldən olmalıdır. Şəxsən mənim papağım artıq 30 ildir ki, mənimlədir. Ümumiyyətlə, aşığın imici klassik olmalıdır. Əsas odur ki, istənilən mövzuya bədahətən şeir qoşasan!

Xəbər lenti

Xəbər lenti