...

"Amnesty İnternational" Azərbaycan jurnalistini "vicdan məhbusu" kimi tanıyıb

Cəmiyyət Materials 1 Noyabr 2007 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ "Amnesty İnternational" təşkilatı Azərbaycanda ən uzun müddətli həbs cəzası almış baş redaktor Eynulla Fətullayevi "vicdan məhbusu" kimi tanıyıb.

"Gündəlik Azərbaycan" və"Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru terrorçuluqla hədələmə, qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması və vergidən yayınma cinayətlərində təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 30 oktyabr tarixli hökmü ilə 8 il 6 ay həbs cəzası alıb. Məhkəmənin hökmü ilə baş redaktor 242 min 522 manat məbləğində cərimələnib və onun baş redaktoru olduğu qəzetlərin 23 kompyuteri müsadirə olunub.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Millli Komitəsinin sədri Arzu Abdullayeva cümə axşamı Trend ə bildirib ki, "Amnesty İnternational" təşkilatı Fətullayevin qeyd-şərtsiz azad olunması üçün Azərbaycan hakimiyyətinə müraciət hazırlayır.

Abdullayevanın sözlərinə görə, "Amnesty İnternational" həbsdə olan satirik jurnalist Mirzə Sakiti "vicdan məhbusu" elan etmək ərəfəsindədir.

Sakit məhkəmənin hökmü ilə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamada təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya və Ali Məhkəmə də onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

"Amnesty İnternational" islam dinini və Məhəmməd Peyğəmbəri təhqir etdiyi üçün cəzalandırımış "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazarı Rafiq Tağını da oktyabrın 13-də "vicdan məhbusu"kimi tanımışdı.

Məhkəmənin hökmü ilə Sədaqətoğlu 4, Rafiq Tağı isə 3 il azadlıqdan məhrum edilib.

Sədaqətoğlu və Tağı irqi, milli və dini nifrət və düşmənçiliyin salınması ilə təqsirləndirilərək ötən ilin noyabrında həbs ediliblər.

Azərbaycanda peşə fəaliyyətinə görə 8 jurnalist həbs olunub və onların əfvi üçün jurnalistlərin özləri, ailələri və qeyri-hökumət təşkilatları prezidentə müraciət edib.

Xəbər lenti

Xəbər lenti