...

Konstitusiya Məhkəməsinin sədri: "Ölüm cəzası tətbiq olunmursa, onun formal olaraq Konstitusiyada qalması problem yaratmır"

Cəmiyyət Materials 8 Noyabr 2007 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Əgər ölkəmizdə ölüm cəzası qanunla ləğv olunubsa və bir cinayət - cəza tədbiri kimi heç kəsə münasibətdə tətbiq olunmursa, onun formal olaraq, Konstitusiyada qalması özü-özlüyündə beynəlxalq-hüquqi baxımdan ciddi problem yaratmır.

Bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev cümə axşamı Trend ə açıqlamasında, Konstitusiyanın 27-ci maddəsi (yaşamaq hüququ) ilə ölüm cəzasının ləğvini nəzərdə tutan 10 fevral 1998-ci il qanunu arasındakı ziddiyyəti şərh edərkən bildirib.

1998-ci il qanununda ölüm cəzasının ləğv olunması nəzərdə tutulub.

Konstitusiyanın 27-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. 3-cü bənddə isə. eqyd olunub ki, müstəsna cəza tədbiri kimi, ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə, qanunla müəyyən edilə bilər.

Konstitusiya nəzarəti orqanının rəhbəri kimi bu məsələ üzrə geniş fikir bildirmək istəməyən Abdullayevin sözlərinə görə, Konstitusiyanın 27-ci maddəsində "müstəsna cəza tədbiri kimi ölüm cəzası tam ləğv edilənədək" müddəası öz əksini tapıb: "Bu isə o deməkdir ki, hələ Konstitusiyanın qəbul edildiyi dövrdə ölüm cəzası müstəsna cəza tədbiri olaraq qəbul edilib və gələcəkdə onun tam ləğvi nəzərdə tutulub. Məhz həmin müddəanın reallaşdırılması tədbiri kimi, 1998-ci il qanunu ilə ölüm cəzası tam ləğv edilib və cəza tədbiri kimi Cinayət Məcəlləsindən çıxarılıb".

Vəkil Fuad Ağayev də hesab edir ki, Azərbaycan qanunvericiliyi ilə beynəlxalq qanunvericilik arasında bu məsələ ilə bağlı ziddiyyət yoxdur. Vəkilin sözlərinə görə, İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 2-ci maddəsi (Yaşamaq hüququ) həyatdan məhrumetməni mümkün sayır: "Həmin maddənin birinci bəndində deyilir ki, heç kəs, qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz".

Ağayev Azərbaycanda ölüm cəzasının ləğvini nəzərə alaraq, gələcəkdə Konstitusiyada bununla bağlı redaktə xarakterli dəyişikliyin olunmasını mümkün sayıb.

Dünyanın 47 ölkəsində ölüm cəzası ləğv olunub. Azərbaycanda ölüm cəzasının ləğvindən sonra bu cəzaya məhkum olunmuş məhkumların cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub. Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra, cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin, Əlikram Hümbətovun şikayəti iləbağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. O, ağır cəza kimi qəbul edilə bilməz.

Xəbər lenti

Xəbər lenti