...

Prezident Aparatı rəsmisi jurnalistləri bilərəkdən təhqir və böhtana yol verməkdə günahlandırır

Cəmiyyət Materials 5 Dekabr 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Təhqir və böhtana yol verən jurnalistlər çox zaman bunu qeyri-peşəkarlıqdan deyil, bilərəkdən edirlər. Bu fikirləri Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çərşənbə günü Trend ə açıqlamasında bildirib.

"Jurnalist bilərəkdən kiməsə böhtan atırsa, təhqir edirsə, bunu həmin şəxsə zərbə vurmaq, qisas almaq, yaxud rəqibin aradan qaldırılmasına çalışmaq məqsədilə edir. Bu isə o deməkdir ki, həmin jurnalistlər müstəqil deyillər və hansısa siyasi qüvvənin, yaxud ayrı-ayrı şəxslərin təsiri altında, sifarişi ilə işləyirlər" - deyə Əli Həsənov bildirib.

Avropa Şurasının "Aqo" Monitorinq Qrupunun sədri Per Syögren ötən gün Trend ə müsahibəsində bildirib ki, Azərbaycanda jurnalistlərin həbsindən narahatdır və "Aqo" Qrupu jurnalistlərə uzunmüddətli həbs cəzası verilməsinə tənqidi yanaşır. Syögren bildirib ki, Azərbaycan qanunvericiliyində böhtanla, təhqirlə bağlı cinayət məsuliyyətini nəzərdə tutan maddələrə dəyişiklik edilməsini istəyir.

Prezident Aparatı rəsmisi isə bildirib ki, Azərbaycanda jurnalistlərin həbsindən ən çox narahat olan hakimiyyət özüdür. Amma Həsənov hesab edir ki, hakimiyyət vətəndaşları öz hüquqlarını, şərəf və ləyaqətlərini, işgüzar nüfuzlarını qorumaq üçün məhkəməyə şikayət vermək hüququndan məhrum edə bilməz. Həmçinin hökumət indiki şəraitdə təhqir və böhtana görə jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunmaması haqda - yəni, "Diffomasiya haqqında" qanunu qəbul edə bilməz.

"Azərbaycanın qanunvericiliyində böhtana, şərəf və ləyaqətin təhqir olunmasına görə cinayət məsuliyyəti nəzərdə tutulubsa, deməli bu, tətbiq olunmalıdır. Amma bu, təəssüf ki, bəzi hallarda jurnalistlərin həbsinə gətirib çıxarır. Jurnalistlərin həbs olunması probleminin aradan qaldırılmasını ən çox arzulayan tərəf də bizik. Lakin jurnalistlərin bugünkü məsuliyyətsizliyini, onların peşəkarlığının aşağı səviyyədə olmasını, həmçinin cəmiyyətdə "Jurnalistlərin Əxlaq Kodeksi"nin işləmədiyini nəzərə alaraq, "Diffomasiya haqqında" qanunu qəbul etməyi mümkünsüz sayırıq" - deyə Həsənov bildirib. Əlavə edib ki, əgər "Diffomasiya haqqında" qanunun qəbul olunması daha ağır nəticələrə, kəskin qarşıdurmalara gətirib çıxaracaq.

Həsənov eyni zamanda bu qanunun qəbulunun mümkünlüyünü də istisna etməyib, bildirib ki, bunun üçün jurnalistlər, mətbu orqanların rəhbərləri öz yazılarına, əxlaq kodeksinə ciddi yanaşmalıdırlar: "Jurnalistlərin həbs olunmaması üçün Azərbaycanda mütləq şəkildə "Jurnalistlərin Əxlaq Kodeksi" ciddi, məsuliyyət yaradan sənəd səviyyəsinə qaldırılmalıdır. Əgər jurnalistlər bu sənədin tələblərinə əməl etməyəcəklərsə, jurnalistlərlə cəmiyyət arasındakı münasibətləri tənzimləyəcək yeganə vasitə qanunlar olacaq" - deyə Prezident Aparatının şöbə rəhbəri vurğulayıb .

Hazırda Azərbaycanda 8 nəfər jurnalist həbsdədir, 7-si məhkum, biri təqsirləndirilən şəxsdir. "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli, əməkdaşı Yaşar Ağazadə, "Nota-bene"

qəzetinin əməkdaşı Fərəməz Allahverdiyev, "Gündəlik Azərbaycan"-"Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev "təhqir" və "böhtan" cinayətlərinə görə 2 il yarım həbs cəzası alıblar. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov "xuliqanlıq, qəsdən sağlamlığa zərər vurma", əməkdaşı Sakit Zahidov "qanunsuz olaraq narkotik maddə gəzdirmə", "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazarı Tofiq Tağı "irqi, milli, sosial, dini nifrət və düşmənçiliyin salınması" cinayətlərində təqsirləndiriliblər. Ümumilikdə həbsdəki jurnalistlərin hamısı özlərinin peşə fəaliyyətlərinə - yazılarına görə həbs olunduqlarını iddia edirlər.

Xəbər lenti

Xəbər lenti