...

Təhlilçi jurnalist: "Rusiya mətbuatı Azərbaycan diasporunun fəaliyyətini zəif və qeyri-obyektiv işıqlandırır"

Cəmiyyət Materials 15 Dekabr 2007 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rusiyada etnik vəziyyətin gərgin olduğu dövr ərzində 2006-2007-ci illərdə bu ölkənin mətbuatında Azərbaycan diasporu ilə bağlı qərəzli, qeyri-obyektiv yazılar dərc olunub. Bu fikirləri Trend ə açıqlamasında Rusiyada yaşayan gənc azərbaycanlı alim, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasının məzunu, filologiya elmləri namizədi Anar Həsənov bildirib.

Həsənov Rusiya tarixində ilk dəfə olaraq "etnik jurnalistika strukturlarında diasporların KİV-i" mövzusunda elmi iş yazıb və müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb.

Öz elmi işində erməni diasporunun da fəaliyyətinin obyektiv təhlilinə yer verən həmyerlimiz MQU-nun erməni mənşəli müəllimlərinin təzyiq və maneələri ilə üzləşib.

Həsənov bildirir ki, Rusiyada hər bir qəzetin materiallarının təxminən 10-15 faizi etnik mövzulara həsr olunur. Rusiyada Azərbaycan diasporuna məxsus 10-a yaxın qəzet nəşr olunur və iki dildə - rus və Azərbaycan dillərində çıxır. Onların əksəriyyəti diaspor təşkilatlarının mətbu orqanıdır.

Həsənovun sözlərinə görə, Rusiyadakı erməni diasporunun buraxdığı üç qəzetin materiallarının təxminən 50 faizi antiazərbaycan, antitürk təbliğatına həsr olunur.

Aspirant elmi işində Rusiyanın üç populyar qəzetinin - "Komsomolskaya pravda", "Moskovskiy komsomolets", "Nezavisimaya" və "İzvestiya" qəzetlərinin 2006-cı ilin yanvarın 1-dən 2007-ci ilin 1 avqustunadək buraxılışlarının analizini aparıb, Rusiyada yaşayan azərbaycanlılarla bağlı mövzuları araşdırıb. Həsənovun gəldiyi qənaətə görə, bu qəzetlərdə azərbaycanlılara qarşı qərəzli, hətta konfliktə səbəb ola biləcək yazılar dərc olunub, Azərbaycan diasporuna qarşı qeyri-obyektiv yanaşma nümayiş etdirilib. Ümumilikdə isə neytral materiallar üstünlük təşkil edib.

"Bauman bazarında baş vermiş faciənin işıqlandırılması zamanı rusiyalı jurnalist həlak olmuş azərbaycanlı ticarətçiləri "şüyüd müharibəsinin qurbanları" adlandırıb, insanların faciəsinə rişxəndlə yanaşmaqdan çəkinməyib" - deyə Həsənov bildirib.

Onun sözlərinə görə, üç qəzetin müqayisəsini apardıqda "Komsomolskaya pravda" və "Moskovskiy komsomolets" qəzetləri daha çox qərəzli yazılara yer verib, "Nezavisimaya" və "İzvestiya" isə hadisələrə yanaşmada nisbətən neytral qalıb.

"Ümumilikdə isə Azərbaycan diasporunun fəaliyyəti Rusiya KİV-lərində çox zəif işıqlandırılır, adətən hansısa hadisələrin fonunda, yaxud aktual vəziyyət yarananda diasporumuz haqqında yazılar, informasyialar verilir" -deyə Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti