...

Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakimlərin seçimində yaranan əsas problem hakimlərin xarici dil bilməməsi ilə bağlıdır - ekspert

Cəmiyyət Materials 23 Yanvar 2008 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Ekspert hesab edir ki, Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakimlərin seçimində yaranan əsas problem hakimlərin xarici dil bilməməsi ilə bağlıdır.

AŞPA ikinci dəfədir ki, Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinin hakimi vəzifəsinə namizədlərin siyahısını geri qaytarıb.

Azərbaycanın Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev, Əzizbəyov rayon məhkəməsinin hakimi Rəşad Həsənov və Nəsimi rayon məhkəməsinin hakimi Aygün Abdullayevanın daxil olduğu ikinci siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi üzrə Alt Komitəsinin dekabrın 17-də Parisdə keçirilən iclasında qəbul edilməyib. Alt Komitə siyahının daha da təkmilləşdirilmək üçün Azərbaycana geri qaytarılması barədə qərar qəbul edib. Qərarda qeyd olunub ki, Azərbaycanın təqdim etdiyi namizədlər AŞPA-nın tələblərinə və standartlarına cavab vermir.

Ekspert-hüquqşünas Erkin Qədirov çərşənbə günü Trend ə açıqlamasında bildirib ki, Azərbaycanda hakimlərin peşəkarlıq səviyyəsi aşağı olsa da, onların sırasında peşəkarlığı, biliyi və mənəvi keyfiyyətləri ilə fərqlənənlər var. Lakin onlar Avropa Məhkəməsinin rəsmi dillərindən olan ingilis və fransız dillərindən birini bilmədiyindən bu instansiyaya hakim kimi irəli sürülməsi mümkünsüzdür.

Qədirli bildirib ki, Azərbaycandan göndərilən siyahının geri qaytarılmasının səbəblərindən biri namizədlərin birinin digərlərindən daha üstün mövqeyə malik olmasıdır: "Hakimliyə namizədlər arasında rəqabətli seçim imkanı yoxdur. Namizədlərin hər üçü eyni səviyyəyə malik olmalıdır" - deyə ekspert vurğulayıb.

Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov da bu sahədə yaranan problemin əsas səbəbinin xarici dili bilən hüquqşünasların azlığı ilə əlaqələndirib.

Onun fikrincə, xarici dili bilməməsi Azərbaycan hakimlərinin peşəkarlıq səviyyəsinin göstəricisi ola bilməz.

"Hakimlər arasında Avropa Konvensiyasını, Avropa Məhkəməsinin president hüququnu bilənlər çoxdur. Lakin onların xarici dili bilməməsi həmin hakimlərin Avropa Məhkəməsinin hakimliyinə namizədliyinə təqdimatında əngəl yaradır" - deyə Əsgərov vurğulayıb.

Əsgərov bu məsələ ilə əlaqədar bəzi qeyri-hökumət təşkilatlarının, hüquq müdafiəçilərinin namizədlərin şəffaf prosedur əsasında seçilməməsi ilə bağlı verdiyi bəyanatlarla razılaşmayıb.

Sessiya ərəfəsində bir qrup hüquqşünas və hüquq müdafiəçisi Avropa Məhkəməsində hakim vəzifəsinə Azərbaycandan olan namizədləri rədd etmək çağırışı ilə Avropa Şurasına müraciət göndərib. Onlar iddi ediblər ki, namizədlərin irəli sürülməsi proseduru şəffaf deyil.

O, qeyd edib ki, hakimliyə namizədlər üçün müsabiqə elan olunan zaman Məhkəmə-Hüquq Şurasının fəaliyyətini tənqid edən həmin hüquq müdafiəçiləri və QHT-lər öz namizədlərini təqdim etməyiblər.

Əsgərov bildirib ki, namizədliyi təqdim olunan hüquqşünaslar arasında seçim onların Avropa Məhkəməsinin rəsmi dillərindən birini bilməsi və Avropa Məhkəməsinin president hüququnu və Avropa Konvensiyası ilə bağlı bilgilərinin olması şərtləri əsasında aparılıb.

Qaydalara əsasən, deputatların real seçim imkanı olması üçün Avropa Məhkəməsinin hakimi vəzifəsinə eyni təcrübə, bacarıq və biliyə malik şəxslərin namizədliyi irəli sürülməlidir. Azərbaycan tərəfi isə bu prinsipi pozub.

Azərbaycandan namizədlərin siyahısı birinci dəfə AŞPA-nın 2007-ci il oktyabr sessiyasında analoji səbəblərə görə geri qaytarılıb.

Əsas İnsan Haqları və Azadlıqları haqqında Avropa Konvensiyasının 23-cü maddəsinin 7-ci bəndinin tələbinə görə, hakimlər öz vəzifələrini yeni hakim təyin olunanədək icra edirlər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakimin seçilməsi məsələsinin bu ilin martınadək həll olunacağını bildirib.

Hakimlər Avropa Şurasına üzv dövlətlərintəqdim etdiyi üç namizəd siyahısından, Parlament Assambleyasının səs çoxluğu ilə seçilir.

Avropa Məhkəməsinin hakimləri 6 il müddətinə seçilirlər. İlk dəfə seçilən hakimlərdə isə bu müddət aşağı olur. Hakimlər 70 yaşa çatdıqda onların səlahiyyət müddəti bitir.

Xəbər lenti

Xəbər lenti