...

Hakimin qərarının Avropa Məhkəməsində ləğv olunması onun cəzalandırılması üçün əsas ola bilməz - Ali Məhkəmə sədri

Cəmiyyət Materials 18 Fevral 2008 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Avropa Məhkəməsi tərəfindən qərarın ləğv olunması həmin qərarı çıxarmış hakimin cəzalandırılması üçün əsas ola bilməz. Ali Məhkəmənin sədri Ramiz Rzayev bazar ertəsi keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.

Ali Məhkəmə sədri bildirib ki, əgər hakimin qərar qəbul edərkən həmin işdə qərəzli və müəyyən maraqlarının olduğuna əsas olarsa, həmin hakim barəsində intizam icraatının başlanması üçün Məhkəmə-Hüquq Şurasına müraciət oluna bilər."Bunun üçün Avropa Məhkəməsində hakimin qərarının ləğv olnması əsas deyil" - deyə Ali Məhkəmə sədri bildirib.

Rzayevin sözlərinə görə, qəraları Avropa Məhkəməsində ləğv olunmuş hakimlərin mütləq cəzalandırılması ilə bağlı cəmiyyətdə formalaşan fikir yanlışdır. "Dünyanın heç bir ölkəsində qərarı Avropa Məhkəməsində ləğv olunmuş hakimlər cəzalandırılmır. Bu məsələ mətbuatda qaldırılan zaman mən maraqlandım və dedilər ki, dünya praktikasında belə hallar yoxdu" - deyə Rzayev vurğulayıb.

Vəkil Rəşid Hacılı Trend ə bildirib ki "Məhkəmələr və Hakimlər haqqında" qanunda hakimlər barəsində intizam icraatının başlanması əsaslarından biri də, hakimin qəbul etdiyi qərarların Avropa Məhkəməsi tərəfindən ləğv olunmasıdır. "Əgər Avropa Məhkəməsinin qərarında hüquq pozuntusunun məhkəmənin səhvi nəticəsində baş verdiyi qeyd olunubsa, onda həmin hakim barəsində intizam icraatının başlanması üçün əsas yaranır" - deyə vəkil vurğulayıb.

Vəkil Fuad Ağayevin sözlərinə görə, qərarları Avropa Məhkəməsində ləğv olunmuş hakimlər barəsində Ali Məhkəmənin Məhkəmə-Hüquq Şurasına intizam icraatının başlanması üçün müraciət etməməsi gələcəkdə belə müraciətlərin olmayacağından xəbər vermir.

Ədliyyə naziri Fikrət Məmmədov isə ötən ilin dekabrında jurnalistlərə açıqlamasında bildirmişdi ki, Avropa Məhkəməsində Azərbaycana qarşı çıxarılan qərarlar köhnə sovet qanunları əsasında baxılmış işlərlə bağlıdır.

Nazirin sözlərinə görə, həmin işlərlə bağlı Azərbaycan məhkəmələri sovet dövründə qəbul olunmuş qanunlara uyğun qərar qəbul edib.

"Sovet dövründən qalan qanunlar demokratik cəmiyyətin qanunlarına uyğun gələ bilməz. Avropa Məhəməsində baxılmış işlərlə bağlı çıxarılmış qərarlar da bu səhvlərlə bağlıdır. İnda Azərbaycanın bu sahədəki qanunvericiliyi daha da təkmilləşdirilib" -deyə nazir vurğulayıb.

Avropa Məhkəməsi Azərbaycana qarşı indiyədək 11 qərar qəbul edib.

Rzayev bildirib ki, Məhkəmə-Hüquq Şurası 75 hakim barəsində intizam icraatı başlayıb. İndiyədək 50 hakim intizam məsuliyyətinə cəlb olunub, onlar barəsində müxtəlif intizam tədbiri görülüb. İki hakimin səlahiyyətinə isə vaxtından əvvəl xitam verilib. Həmçinin hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticəsində Məhkəmə-Hüquq Şurası 30 hakimi hakimliyə tövsiyə etməyib.

Azərbaycanda hakimlərin əhaliyə nisbətdə sayı Avropa Şurasına üzv dövlətlərlə müqayisədə ən aşağı göstərici ilə xarakterizə olunur. Azərbaycanda hər 100 min nəfərə 4 hakim düşdüyü halda, bəzi Avropa dövlətlərində bu göstərici 20-25 təşkil edir.

Rzayev bildirib ki, Azərbaycanda hakimlərin sayının 600-ə çatdırılması nəzərdə tutulub.

Hazırda Azərbaycanda 325 hakim var.

Xəbər lenti

Xəbər lenti