Azərbaycan, Bakı, 17 mart/ Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Alt Komitəsi Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi vəzifəsinə seçilməsi üçün təqdim edilən namizədlərin siyahısını təsdiqləyib. "AŞPA-nın İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimlərinin seçilməsi üzrə Alt Komitəsi Azərbaycanın təqdim etdiyi namizədlər haqda müsbət rəy verib" - deyə bazar ertəsi Parisdən telefonla Trend a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi vəzifəsinə Xanlar Hacıyev, Rövşən İsmayılov və Səadət Yusifovanın namizədliyi irəli sürülüb. AŞPA-nın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hakimlərinin seçilməsi üzrə Alt Komitəsi iki dəfə namizədlərin siyahısını geri qaytarıb.
İkinci siyahıya Azərbaycanın Avropa Məhkəməsindəki hazırkı hakimi Xanlar Hacıyev, Əzizbəyov rayon məhkəməsinin hakimi Rəşad Həsənov və Nəsimi rayon məhkəməsinin hakimi Aygün Abdullayevanın adları daxil idi. Siyahının geri qaytarılması Azərbaycanın təqdim etdiyi namizədlərin AŞPA-nın tələblərinə və standartlarına cavab verməməsi ilə əsaslandırılıb.
Nümayəndə heyətinin rəhbəri bildirib ki, AŞPA-nın apreldə keçiriləcək yaz sessiyasında Azərbaycandan Avropa Məhkəməsinin hakiminin seçilməsi məsələsi gündəliyə daxil ediləcək və öz həllini tapacaq.
"Hakimlərlə bağlı prosedur mərhələlər yekunlaşıb" - deyə Seyidov əlavə edib.
Qaydalara əsasən, AŞPA-nın deputatlarının real seçim imkanı olması üçün Avropa Məhkəməsinin hakimi vəzifəsinə eyni təcrübə, bacarıq və biliyə malik şəxslərin namizədliyi irəli sürülməlidir.
Azərbaycandan namizədlərin siyahısı birinci dəfə AŞPA-nın 2007-ci il oktyabr sessiyasında analoji səbəblərə görə geri qaytarılıb.
Əsas İnsan haqları və Azadlıqları haqqında Avropa Konvensiyasının 23-cü maddəsinin 7-ci bəndinin tələbinə görə, hakimlər öz vəzifələrini yeni hakim təyin olunanədək icra edirlər.
Hakimlər Avropa Şurasına üzv dövlətlərintəqdim etdiyi üç namizəd siyahısından, Parlament Assambleyasının səs çoxluğu ilə seçilir.
Avropa Məhkəməsinin hakimləri 6 il müddətinə seçilirlər. İlk dəfə seçilən hakimlərdə isə bu müddət aşağı olur. Hakimlər 70 yaşa çatdıqda onların səlahiyyət müddəti bitir.