Azərbaycan, Bakı, 1 may /müx. TrendLife Günel Əhmədova
Müğənni Elnurun TrendLife-a açıqlamasına görə, Röyanın iki ay öncə Türkiyədə iştirak etdiyi "Popstar Alaturka" təklifi öncə ona həvalə olunub. Bu barədə geniş danışan müğənni bunları qeyd etdi:
"Ona görə qəbul etmədim ki, bu ideya türkiyəllilər deyil, bizim təşkilatçılar tərəfindən yaranmışdı. Ona görə də, həmin səhnəyə çıxıb sıxıla-sıxıla oxumaq istəmədim".
Müğənni söhbəti zaman daha geniş məqamlara toxundu. O, bildirdi ki, dəfələrlə həm Türkiyədən, eyni zamanda xarici ölkələrdən yaradıcılıq təklifləri alsa da, bunu dəyərləndirməyib. Onun fikrincə, bu, konsert təklifləri olub:
"Bilirsiniz ki, xaricdə təşkil olunan konsertlər daha çox orada yaşayan azərbaycanlılar üçün nəzərdə tutulur. Lakin mən musiqimizi təbliğ etmək üçün əcnəbilər qarşısında oxumaq istəyirəm. Hələ ki, təşkilatçılar belə bir ideya ilə çıxış etməyiblər".
Buna baxmayaraq Elnuru xarici səhnə üçün nəzərdə tutulan böyük layihə gözləyir. Təfərrüatı ilə danışmağın hələ tez olduğunu söyləyən Elnur bunu misli görünməyən yenilik adlandırdı.
"Hazırkı mərhələ danışıqlar üzərində davam edir. Ola bilsin, gələcəkdə yad təsirlər ola bilər. Bunu düşünərək haqqında geniş danışmaq istəmirəm", - deyən Elnur özünü geniş auditoriya qarşısına çıxarmağa iddalı olduğunu söylədi.