...

Ailəmi dolandırmaq üçün sənətən uzaqlaşmağa məcburam- aktyor Allahverdi Yolçuyev

Cəmiyyət Materials 5 İyun 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / TrendLife müx. Safura

Hamının Ovçu Pirim kimi tanıdığı aktyor Allahverdi Yolçuyev 4 qızını, həyat yoldaşını və anasını dolandırmaq üçün bir neçə işdə işləmək məcburiyyətindədir. Sənətinin vurğunu olan A.Yolçuyev maddi çətinliklər üzündən aktyorluqla vidalaşıb. Onun sonuncu iş yeri Musiqili Komediya Teatrı olub. Bu gün isə aktyor telekanallarda müxtəlif filmləri dublyaj etməklə, el şənliklərində tamadalıq etməklə pul qazanmağa çalışır. 20 ilə yaxın AzTV-də uşaqlar üçün verlişin aparıcısı olan A.Yolçuyev hamının yadında özünün yox, yaratdığı obrazın adı ilə qaldığına sevinir.

-Mən iyirmi il uşaqların qarşısına Ovçu Pirim kimi çıxmışam. Mənim nağıllarım ilə böyüyən uşaqlar indi artıq hərəsi bir iş sahibidirlər. 30 ildir ki, bu sənətdəyəm. Mən Adil İsgəndərov kimi müəllimdən dərs almışam. Adil müəllim həmişə tələbələrinə deyərdi ki, aktyor özünü gözə soxmamalıdır, elə oynamalıdır ki, onu görsünlər. Mən də 20 il ərzində görünürdüm. Amma indi görünməz olmuşam. Düşünürəm ki, bu mənim istedadımın azalması ilə bağlı deyil. Sadəcə, məni sevməyən insanlar var. Mən isə qapı döyməyi sevmirəm. Uzun illər dövlət televiziyasında Azərbaycan nağıllarını, folkloru, ədəbiyyatı, incəsənəti təbliğ etmişəm. Bizim bütün adət ənənələrimiz dəyişib, cavanlar nə istədiyini bilmirlər. Hamı müasirlikdən danışır. Keçmişi saxlayıb, gələcəyə irəliləmək lazımdır. Bu gün Ovçu Pirim obrazı çoxlarına köhnəlmiş gəlir. Amma mən tam əksini düşünürəm. Bu obraz bizim nağılların qəhrəmanıdır. Bu gün hansı uşaqdan soruşursan Azərbaycan nağıllarından xəbərsizdir. Amma "Tom və Cerri"ni yaxşı tanıyırlar. Ona görə yox ki, bu nağıl qəhrəmanları daha maraqlıdırlar. Ona görə ki, onların reklamı var.

-Onda Azərbaycan nağıllarını da reklamla dünyaya tanıtmaq olarmı?

-Əlbəttə mümkündür. Bunu sadəcə istəmək lazımdır. Bizim "Göyçək Fatma", "Fitnə", "Məlikməmməd", "Ağ atlı oğlan", "Ovçu Pirim" kimi nağıllarımızın ssenarisi əsasında çəkilən cizgi filmlərinin müxtəlif dillərdə diskləri hazırlanmalıdır. Bu disklər qastrollara gedən müğənnilər, xaricdə təhsil alan tələbələrin vasitəsi ilə xaricdə yayıla bilər. Azərbaycana qonaq gələn xaricilərə suvinirlərlə yanaşı, nağıllarımızdan ibarət disklər də təqdim olunmalıdır.

-Sizi parodiya ustası kimi tanıyırlar. Bir çox müğənnilərimizin səsi ilə ifa edir, danışa bilirsiniz. Bu sahədə tələbələriniz var?

-Parodiya etmək hər kəsin bacaracağı iş deyil. Bu gərək içdən gəlsin. Parodiya güclü müşahidənin, həvəsin və istedadın birlikdə vəhdəti zamanı yaranır. Məni verlişlərə dəvət edəndə, el şənliklərində masabəyilik edəndə, parodiya nömrələri ilə çıxış edirəm. Nə dərəcədə yaxşı alınır deyə bilmərəm, amma məni görənlər həmişə tərifləyirlər. O ki, qaldı tələbəyə mənə müraciət edib məsləhət alanlar olur, amma tələbə kimi yox. Bu gün çoxları parodiya etdiyini deyir. Müğənninin paltarını geyib, onun tərzdə oxumaq parodiya deyil, yamsılamadır.

-Allahverdi müəllim, bir çox filmlərin dublyajında iştirak edirsiniz. Azərbaycanda dublyajın səviyyəsi sizi qane edir?

-Vaxtı ilə Səməndər Rzayev, Şahmar Ələkbərov, Həsən Əbluc, Əminə Yusifqızı kimi tanınmış insanların dublyaj etdiyi filmlərə bu gün də məmuniyyət ilə tamaşa edir və dinləyirsən. Amma indiki filmlərin çoxu səviyyəsiz dublyaj olunur. Bir adam iki- üç obrazı səsləndirir. Mənə cizgi filmlərini səsləndirmək asandır. Bir filmdə müxtəlif səslərlə bir neçə obrazı səsləndirə bilirəm. Amma kinofilmlərdə bu çox pis görünür. Bu gün hamını kəmiyyət maraqlandırır, keyfiyyət yox. Telekanalların dublyaj studiyaları müasir tələblərə cavab vermir.

-Sizcə filmləri səsləndirməyə aktyorlar kifayət etmir?

-Azərbaycanda kifayət qədər aktyor potensialı var. Amma bir aktyor bir filmi səsləndirəndə yalnız bir nəfərə pul verirlər. 5 aktyor isə 5 dəfə çox xərc tələb edir. Telekanallara əlbəttə ki, bir- iki nəfərlə işləmək sərfəlidir. Azərbaycanda dublyaj işi hələ inkişaf etməyib. Bizdə dublyaj edənlər az pul verirlər, bəlkə də bu səbəbdən aktyorların çoxu buna vaxt sərf etmək istəmir.

-Yaxınlarda ad gününüz olacaq, bildiyim qədər yüvarlaq rəqəmdir. Yubileyinizi necə və harada qeyd edəcəksiz?

-Mənim avqust ayında 50 yaşım tamam olacaq. Hər il ad günümü qeyd edirəm. Dostlar, yaxınlar məni mütləq təbrik edir. Bizim bağa yığılırıq, deyib-gülürük, yeyib-içirik. Bu il dostlarım təkid edirlər ki, 50 yaşı bir qədər təmtəraqlı qeyd edim. Amma mən ad günümü payıza keçirəcəyəm. Payızda "orucluq ayı" olacaq. Bu ayda sənət adamları bir qədər sənətdən uzaqlaşır. Evdə olurlar. Hamı üçün yaxşı olmasını istəyirəm.

-Bəs kimdən hədiyyə gözləyirsiniz?

-Mən ömrüm boyu gözləyirəm. Mənə də nə zamansa diqqət olacağını gözləyirəm. Mənim tələbələrim artıq fəxri ad alıblar. Amma məni niyə yada salmırlar heç özüm də bilmirəm. Bəlkə çoxları üçün bunun fərqi yoxdur. Amma mənim üçün fəxri ad almaq stimuldur.

Xəbər lenti

Xəbər lenti