Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Bərdəli iş adamı Rza Təhməzovun qətlində təqsirləndirilənlərin işi üzrə hazırlıq iclası keçirilib.
Bərdədəki "Qarabağ" restoranının müdiri Təhməzov ötən il oktyabrın 1-də Bərdədə evinin yaxınlığında qətlə yetirilib.
Onun qətlində şübhəli bilinən Şəmkir şəhər sakinləri Akif Gülməmmədov və Ceyhun Əliyev hadisədən bir gün sonra saxlanılaraq barələrində ittiham elan olunub.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çərşənbə axşamı keçirilən iclasda zərərçəkmişin vəkili İlhamə Həsənova vəsatət verərək qətldə təqsirli bilinən və barələrində axtarış elan olunmuş Xəlil İbrahimov, onun qohumları Habil və Abbas Əliyevlərin tutulub istintaqa cəlb olunandan sonra işin məhkəmə baxışına çıxarılmasını vacib sayıb və bu səbəbdən də cinayət işinin məhkəmə baxışına verilməməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin etməyib və növbəti iclasın oktyabrın 21-də keçirilməsi barədə qərar qəbul edib.
Şəmkir sakini Gülməmmədov və Əliyev hadisədən bir gün sonra saxlanılaraq həbs olunublar. Amma mərhumun qohumları qətlin əsl sifarişçilərinin azadlıqda olduğunu iddia edirlər. Mərhumun valideynlərinin dediyinə görə, Təhməzov tanınmış iş adamı və hazırda Stavropol vilayətində bizneslə məşğul olan Xəlil İbrahimov, onun qohumları Habil və Abbas Əliyevlərin sifarişi ilə qətlə yetirilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]