...

Azərbaycandan həcc ziyarətinə 6 min zəvvarın getməsi nəzərdə tutulub

Cəmiyyət Materials 21 Oktyabr 2008 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycandan bu il həcc ziyarətinə 6 min zəvvarın getməsi nəzərdə tutulub.

"Artıq 3 500 zəvvar həccə getmək üçün Qafqaz Müsəlmanları İdarəsinə müraciət edib. Biz ümid edirik ki, ayrılan 6 min kvotanı doldura biləcəyik", - çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev məlumat verib.

Onun sözlərinə görə, həcc ziyarəti noyabrın 20-dən sonra başlayacaq. Noyabrın 22-də avtobus və təyyarə ilə ilk karvan Məkkə və Mədinəyə yola düşəcək.

O qeyd edib ki, ötən illə müqayisədə, bu il həcc ziyarətinə zəvvarların aparılması üzrə qiymətlərdə də artım var, zəvvarların təyyarə ilə aparılması 3500 manat, avtobuslarla aparılması isə 2050 manata başa gələcək.

"Qiymətlərin artması dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin bahalaşması ilə bağlıdır. Eyni zamanda, Səudiyyə Ərəbistanında yaşayış yerlərinin və mehmanxanaların qiyməti artıb. Məkkə şəhəri ətrafında olan mehmanxanalar yenidənqurma işləri ilə əlaqədar olaraq sökülüb, hazırda orada müasir tələblərə cavab verən mehmanxana kompleksləri tikilir, ona görə də zəvvarların qalması üçün yerlər Məkkədən uzaqda götürülüb və qiymətlərin artmasına bu da təsir edib", - deyə o əlavə edib.

Hacı Salman bildirib ki, avtobuslarla daşınma qiymətlərinin artmasına ölkələrin sərhədlərini keçmək üçün qiymətlərin artması da təsir göstərib. O deyib ki, bu il zəvvarların həcc ziyarətinə aparılması ilə 5 özəl şirkət məşğul olacaq. Ötən il bu işi həyata keçirən 3 özəl şirkətə Qafqaz Müsəlmanları İdarəsi icazə verməyib. Həmin şirkətlərin fəaliyyətindən narazılıqlar olmuşdu. Hacı Salman onların adlarını açıqlamayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti