Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir K. Zərbalıyeva/ "Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakitin cəza çəkdiyi müəssisədə döyülməsi ilə bağlı məsələnin araşdırılması üçün ədliyyə naziri tapşırıq verib.
Ədliyyə Nazirliyinin Cəzaların İcrası Müfəttişliyinin rəisi Malik Ələkbərov çərşənbə axşamı Trend - a bildirib ki, bu gün ədliyyə naziri Fikrət Məmmədov bir qrup hüquq müdafiəçisini qəbul edib. Görüşdə Mirzə Sakitlə bağlı yayılan məlumatlar müzakirə olunub.
Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova oktyabrın 20 - də keçirdiyi mətbuat konfransında bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində jurnalisti döyüblər.
Oktyabrın 20 - də müəssisə əməkdaşları Sakitin başını qırxmaq istəyiblər. Həmin gün ad günü olduğundan, Sakit başının qırxılmamasını xahiş edib.
Lakin cəza çəkdiyi 14 saylı müəssisənin bir qrup əməkdaşı onu döyərək başını qırxıb.
Görüşdə Sakitlə bağlı baş vermiş insidentin ciddi araşdırılacağını və bununla bağlı Penitensiar Xidmətə tapşırıq verildiyi bildirilib.
Nazir bildirib ki, Mirzə Sakitə qarşı baş vermiş zorakılıq halları təsdiqini taparsa, müəssisə rəhbərliyi barəsində ciddi ölçü götürüləcək."
Ələkbərov bildirib ki, Sakitin cəza çəkdiyi müəssisənin dəyişdiriləcəyinə də razılıq verilib.
"Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit 2006 - cı ildə narkotiklərin qanunsuz saxlanmasına görə, məhkəmənin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.
Jurnalist isə, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu iddia edir.
Bu səbəbdən də, hüquq müdafiəçilərinin bu gün Ədliyyə Nazirliyi qarşısında planlaşdırdığı piket təxirə salınıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]