Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Həyat yoldaşını bıçaqlayan qadın məhkəmə zalında həbs olundu.
Bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bu ilin mayında əri Vüqar Salmanovu bıçaqlayan, sonra isə qaynar su ilə yandıran Bakı şəhər sakini Lalə Əsədovaya hökm oxunub.
24 yaşlı Əsədova Salmanovla 2003-cü ildə ailə həyatı qurub. Həmin ildən qayınatasının Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki evində məskunlaşıblar.
Əsədova qayınatasını evdən qovub. Ev sahibi məhkəməyə müraciət edərək mülkün bölünməsini istəyib. Bu il mayın 8-də Salmanov yoladaşına atasını evinə qaytaracağını deyib. Əsədova bununla razılaşmayıb və ərini bıçaqlayıb. Salmanov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan çıxdığı günün səhəri Əsədova qaynar çaydandan suyu ərinin başına tökərək yandırıb. Həmin gün onlarda olan baldızı Səlimə Salmanovanı isə döyüb.
Salmanov istintaqa ilkin ifadəsində arvadını ələ verməmək üçün özü-özünə xəsarət yetirdiyini deyib.
Məhkəmədə ifadə verən Əsədova özünü təqsirli bilməyib və əməlindən peşiman olmadığını deyib.
Məhkəmə polis nəzarəti altında saxlanılan bir uşaq anası Əsədovanın məhkəmə zalından həbs olunması və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]