Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda həbsxanadan qaçan erməni ikinci dəfə məhkum olunub.
Binəqədi Rayon Məhkəməsində cümə günü Pentensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsindən qaçmaqda təqsirləndirilən Edqar Sarkisyana 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsi barədə hökm oxunub.
Sarkisyan ötən il noyabrın 8-də cəza çəkdiyi 11 saylı müəssisədən qaçıb.
Həmin vaxt ərazidə xidmət aparan mühafizə alayının əsgərləri əmrə tabe olmayan məhkuma atəş açıblar.
Ayağından güllə yarası alan Sarkisyan saxlanılarkən mühafizəçi əsgər Şəhriyar Hüseynova xəsarət yetirib.
Sarkisyan Cinayət Məcəlləsinin həbsdən və ya mühafizə altından qaçma (304.1-ci) və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə (315-ci) maddələri ilə ittiham olunur..
Sarkisyan bacısını zorladığı və döydüyü üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 14 il azadlıqdan məhrum edilib.
Məhkəmə onun əvvəlki cəzası ilə indiki cəzasını toplayaraq 15 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]